Siyasət 11:08 24.04.2017

Qarabağ düşməni qələbəyə yaxınlaşır - RƏSMİ RƏQƏMLƏR

Fransada keçirilən prezident seçkilərinin I turunda gözlənilməz nəticələr müşahidə olunub. İstiPress-in məlumatına görə, Azərbaycana qarşı Qarabağ bəyanatı (“Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” – red.) verən “Milli cəbhə” partiyasının lideri Marin Le Pen prezident seçilməyə çox yaxındır.

“Reuters” agentliyinin Fransa Daxili İşlər Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, I turun nəticələrinə əsasən keçmiş iqtisadiyyat naziri Emmanuel Makron 23,75% səslə birinci, Marin Le Pen isə 21,53% səslə ikincidir.

Sabiq baş nazir Fransua Fiyon 19,91%, “Məğlubedilməz Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon isə 19,64% səs toplayıb. Bu nəticələrə görə, hər iki namizəd prezident seçkiləri uğrunda mübarizəni dayandırıb.

Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. Bu dəfə dövlətin başçısı olmaq üçün Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaq. Onların səs faizləri bir-birinə çox yaxındır.

Sual olunur ki, Fransua Fiyon və Jan-Lyuk Melanşonun seçiciləri kimə səs verəcək: Makrona yoxsa, Azərbaycana qarşı düşmən mövqedə dayanan Marin Le Penə?

Fransada prezident seçkiləri 11-ci dəfədir keçirilir. Fransanın hələlik sonuncu prezidentləri Fransua Ollanddan əvvəl Şarl de Qoll, Corc Pompid, Valeri Jiskar d’Eston, Fransua Mitteron,Jak Şirak və Nikolya Sarkozi  olub.

Qaynar.Az