İdman 11:59 10.01.2018

"Qarabağ" futbolçusunu 1.5 milyona Çin klubuna satdı

"Qarabağ”ın CAR-dan olan hücumçusu Dino Ndlovu komandadan ayrılıb. 

Qaynarinfo xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusla bunu təsdiqləyib:

"Karyeramı "Qarabağ”da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim. Karyeramın ən gözəl günləri idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda yaxşı insanlar tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Qanım "Qarabağ”ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm”.

"Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak da Dinonun ayrılığına biganə qalmayıb. O, sosial şəbəkədə Ndlovu ilə birlikdə şəkillərini paylaşaraq, bu sözləri yazıb: "Kopenhagen”ə vurduğun qola görə təşəkkür. Uğurlar”.
 
Məlumata görə, Dino Ndlovu Çinin "Hançjou Qrintaun” klubuna transfer olunub. 28 yaşlı hücumçunun 2 illik sözləşməyə imza atacağı bildirilir. Bu keçid üçün Azərbaycan klubuna 750 min avro (təqribən 1,5 milyon manat) ödəniləcək.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"a hazırda Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Cənubi Kipr "Anortosis"indən 2016-cı ilin avqustunda keçib. O, Ağdam komandasında ümumilikdə 24 qol vurub və klubun tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına yardımçı olub.