Ölkə 19:17 09.12.2017

Qarabağda qanunsuz narkotik və silah alveri (ŞƏRH)

Artıq necə illərdir ki, Azərbaycanın işğal altında qalmış ərazilərində insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlər davam etdirilir. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun nəzarətsiz qalması məhz belə cinayətlərin daha da genişlənməsinə şərait yaradır. Bir sıra beynəlxalq təşkilatların da hesabatlarında belə faktların mövcudluğu öz əksini tapıb. Bununla bağlı Azərbaycan rəsmiləri zaman-zaman beynəlxalq tribunalardan bəyanatlarla sərt çıxışlar edib, öz etirazlarını dilə gətiriblər. 

Ötən gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında "Parlamentarlar narkotiklərə qarşı” adlı beynəlxalq konfransda iştirakı zamanı məsələyə xüsusi diqqət çəkib. O bildirib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğundan Azərbaycan mərkəzi hakimiyyəti ora nəzarət edə bilmir: "Ona görə də orada narkotik vasitələrin yetişdirilməsi, qanunsuz dövriyyəsi, silah alveri tüğyan edir. İşğal altında olan Dağlıq Qarabağ ərazisindən narkotiklər bütün Avropa ərazisinə daşınır. Ermənilər narkotik vasitələrlə bütün Avropanı zəhərləyərək bu bəladan pul qazanırlar”.

Z.Əsgərov onu da qeyd edib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunacaq: "Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapacaq. Əslində bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son qoyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki, bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət bu məsələni səmimi qoyur, digər dövlətlər isə ondan pul qazanırlar”.

Eyni zamanda, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Bir sözlə, nəzarətsiz qalmış Dağlıq Qarabağ təkcə narkotik vasitələrin becərilməsi və tranziti üçün deyil, eləcə də terrorçu qrupların yetişdirilməsi üçün əlverişli məkana çevrilib. Amma məsələyə aparıcı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların diqqəti yetərincə deyil.



Politoloq Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında məsələnin mürəkkəb olduğunu bildirib: "Əgər nəzarətsiz qalmış Dağlıq Qarabağda narkotik vasitələrin becərilməsi faktını aşkar etmişiksə, əlbəttə, buna qarşı mübarizəmizi davam etdirməliyik. Bura həm aparıcı ölkələrin, həm də beynəlxalq strukturların, eyni zamanda Minsk qrupunun həmsədrlərinin də diqqətini cəlb etmək lazımdır. Əgər işğal olunmuş torpaq nəzarətsiz qalıbsa, ermənilər narkotik vasitələrin qanunsuz dövriyyəsindən pul qazanırsa və bu durum heç kəsi narahat etmirsə, bu halda Azərbaycan öz torpaqlarını azad edib orada qayda-qanun yaratmalıdır. Əks təqdirdə, inkişaf etmiş dövlətlər, eləcə də beynəlxalq təşkilatlar bizim həyəcan təbilimizə reaksiya verməlidir.

Çox təəssüf ki, narkotika məsələsi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının tərkib hissəsidir. Bu isə aparıcı ölkələrin, beynəlxalq strukturların uzun illər ərzində bu münaqişəyə biganəliyini nümayiş olunmasıdır. Onlar indiyə qədər imkan vermirlər ki, beynəlxalq hüquq normaları çərçivəsində biz öz ərazi bütövlüyümüzü tam bərpa edək. Azərbaycanı sülhə çağırırlar, danışıqlar prosesində iştirak etməyə cəlb edirlər və.s. Bütün məsələlər ancaq o zaman həll olar ki, biz qəti şəkildə torpaqlarımızı azad etməyə başlayaq. Hesab edirəm ki, bununla həm narkotik problemi, həm də digər xoşagəlməz məsələlər öz həllini tapacaq. Bu, reallıqdır və biz bunu dərk etməliyik”.