İdman 14:25 16.01.2020

"Qarabağ”dan açıqlama: “Qurban Qurbanovun adından istifadə edilməsi yolverilməzdi!”

Xəbər verdiyimiz kimi, dünən axşam "Facebook” sosial şəbəkəsində "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbnova qarşı təxribat törədilib.

Belə ki, Qurbanovun adına açılan və "Qarabağ” komandasının fotolarından istifadə olunan bir səhifədə Milli Məclisə keçiriləcək növbədənkəran seçkilərdə iştirak edəcək bəzi namizədlərə qarşı böhtan kampaniyasına başladılıb. Edilən paylaşında namizədlər haqqında ciddi ittihamlar yazılıb.
 
Yaşananlarla bağlı "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sport7.az-ın sorğusunu cavablandırıb:
 
"Baş verənlər barədə mətbuatdan xəbər tutduq. Bilirsiz ki, komanda təlim-məşq toplanışıyla bağlı Antalyadadı, "Qarabağ” klubu olaraq əsas diqqətimiz mövsümün qış fasiləsindən sonrakı hissəsinə hazırlığa yönəlib.
 
Baş məşqçimiz Qurban Qurbanov ümumiyyətlə, heç bir sosial şəbəkənin istifadəçisi deyil. Nə "feysbuk”da, nə də "İnstagram”da onun hesabı yoxdu. Bunu rəsmi şəkildə bəyan edirəm. Baş məşqçimizin belə şeylərə nə marağı, nə də vaxtı var. Bütünlüklə öz işinə köklənib və komandanın hazırlığına bilavasitə nəzarət edir, daim bu istiqamətdə çalışır. İnternetdən sadəcə müəyyən informasiyaları almağa istifadə edir. O baxımdan da Qurban Qurbanovun adına səhifə, yaxud da şəxsi hesab olması mümkün deyil.
 
Təbii ki, Qurban Qurbanov səhifə istifadəçisi olmadığı üçün onun adından səhifələr açılması da doğru deyil. Son hadisəylə bağlı da müvafiq və qətiyyətli addımlar çox qısa zamanda atılacaq”.