İdman 16:02 19.07.2019

"Qarabağ"ın istədiyi argentinalı forvard - 2.1 milyon avro qiyməti var

"Qarabağ" Argentinanın "Uraqan” klubunun hücumçusu Lukas Qambanı transfer edə ilər.

Qaynarinfo xəbər verir ki, bu iddianı bu gün Argentinanın bir neçə xəbər saytı yayıb. Lukas Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub.

Yazıda qeyd edilib ki, "Qarabağ” özü rəsmi şəkildə futbolçunun klubuna müraciət etməyib. Amma menecerlər vasitəsi ilə belə təmas qurulub. Hərçənd xəbəri yayan bütün mənbələr qeyd edir ki, Lukas Qamba yalnız "Qarabağ” bu il Çempionlar Liqasının qrupuna düşəcəyi halda transfer edilə bilər. Hazırda futbolçunun təzminat qiymətinin 2 milyon 100 min dollar olduğu da bildirilib.

"Qarabağ” klubuna yaxın mənbələrdən isə qol.az-a bəlli olub ki, Türkiyənin "Osmanlıspor” komandasından Maqaye Qeyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədi.

Qeyd edək ki, Lukas Qamba peşəkar karyerasına 2008-cü ilə Argentinanın "Deportivo Maipu" klubunda başlayıb və 2014-cü ilədək bu kluba məxsus olub. O, 2009/10 və 2013/14 mövsümündə Rivadavia "İndependiente"sinə icarəyə verilib. 2014/18-ci illərdə "Union Santa Fe"də çıxış edən futbolçu 2018-ci ildən "Uraqan"da forma geyinir.