İdman 12:27 10.08.2013

“Qarabağ”ın rəqibini yaxından tanıyaq - ARAŞDIRMA


“Qarabağ”ın Avropa Liqasının “play-off” mərhələsindəki rəqibi müəyyənləşib. Avropadakı tək təmsilçimiz qrupa vəsiqə uğrunda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. Qaynar.info “Qarabağ”ın rəqibi barədə məlumatları təqdim edir.

“Ayntraxt” Futbol Klubu 1899-cu ildə Frankfurt şəhərində yaradılıb. Almaniya futbolunun önəmli klublarından biri olan Frankfurt təmsilçisi Bundesliqanın qurucularından biridi. 1959-ci ildə çempion olan komanda 1991/92 mövsümündə çempionluğu son anda “Ştatqart”a güzəştə getməli olub. “Ayntraxt” tarixi ərzində 4 dəfə Almaniya Kubokunu qazanıb – 1974, 1975, 1981, 1988. Frankfurt klubu 1995/96, 2000/01, 2003/04 və 2010/11 mövsümlərində uğursuz çıxış edərək II Bundesliqaya düşsə də, sonradan yenidən I Bundesliqaya qayıda bilib. Komanda son mövsümdə 6-cı pilləni tutaran Avropa Liqasına vəsiqə qazanıb.

“Qarağağ”ın rəqibinin Avropada da uğurları yetərincədi. 1980-ci ildə komanda UEFA Kubokunun qalibi olub. Həmin vaxt finalda Münhenqladbax “Borussiya”sı ilə qarşılaşan Frankfurt təmsilçisi iki oyunun nəticəsinə görə rəqibindən üstün olub (2:3, 1:0). 1967-ci ildə İntertoto Kubokunun finalında Slovakiyanın “İnternasional” klubunu yenən (1:1, 3:2) komanda 1960-cı ildə Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) finalında “Real”a 3:7 hesabı ilə yenilib. “Ayntraxt” 1976-cı ildə UEFA Kubokunun yarımfinalında, 1978, 1994 və 1995-ci illərdə isə 1/4 finalında oynayıb.

“Ayntraxt” ev oyunlarını “Valdstadion”da keçirir. 51.500 azarkeş tutumuna malik olan stadion 2005-ci ildə imzalanan reklam anlaşmasına əsasən “Kommerzbank-Arena” adlanır.

Komandanın baş məşqçisi Armin Vehdi. Futbolçu karyerası ərzində “Auqsburq”, “Borussiya” (Münhenqladbax), “Sent Qallen” (İsveçrə), “Şkvaben” və “SpVgg Bayreut” klublarında oynayan mütəxəssis məşqçiliyə 1990-ci ildə “Auqsburq”da başlayıb. Daha sonra ardıcıl olaraq “Qreuter Fürt”, “Reutlingen”, “Hanza”, “Auqsburq”, “Ştutqart”, “Volfsburq” və “Hamburq”u çalışdıran 52 yaşlı Veh 2011-ci ildən “Ayntraxt”a başçılıq edir.

“Ayntraxt”ın kapitanı İsveçrə yığmasının üzvü Pirmin Şkveglerdi. O, 2009-cu ildən bu komandada çıxış edir. 26 yaşlı mərkəz müdafiəçisindən başqa “Ayntraxt”da Peru, Yaponiya, İspaniya, Xorvatiya, Kot`D-İvuar, Filippin, Braziliya və Türkiyədən olan daha 8 legioner çıxış edir. Onların əksəriyyəti milli komandalarının üzvləridi.

Almaniya yığmamsının avqustun 14-də Paraqvayla baş tutacaq yoldaşlıq oyununa “Ayntraxt”dan futbolçu çağırılmasa da, bir müddət əvvələ qədər yarımmüdafiəçi Sebastian Yunq komandanın formasını geyinirdi. Bundan başqa, komandanın bəzi üzvləri hazırda Almaniyanın aşağı yaş qrupları üzrə yığma komandalarında çıxış edir. Həmçinin bir çox futbolçu əvvəllər əsas və aşağı yaş qrupları üzrə komandaların şərəfini qoruyub.

Qaynar.info