Siyasət 16:02 22.11.2017

"Qarabağla bağlı açıqlamalar Ərdoğanın statusuna yaraşmır" (ŞƏRH)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamasında Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarbağ problemini müzakirə etdiyini, lakin onun problemin həllinə ümidverici yanaşmadığını qeyd etmişdi. Bu gün isə o, Rusiya, Türkiyə və İranın qatıldığı Soçi sammitindən öncə Qarabağla bağlı daha bir müəmmalı açıqlama verib. Belə ki, Ərdoğan Dağlıq Qarabağ problemini sadəcə Rusiyanın həll edə biləcəyini dilə gətirib.
 
Türkiyə kimi ölkənin prezidentinin Putinə təzyiq göstərməkdənsə, israrla Qarabağın açarının Rusiyada olması fikrini irəli sürməsi nə dərəcədə düzgündür?
 
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynli Ərdoğanın bu addımının yanlış olduğunu və səsləndirdiyi fikirlərin onun statusuna yaraşmadığını bildirib:

"Mən bir dəfə belə bir fikir işlətmişəm ki, Dağlıq Qarabağı Rusiya işğal edib və Ermənistana da icarəyə verib. Bəlkə bu, qeyri-siyasi ifadədir, amma əslinə qalanda məhz belə olub. Biz Rusiyanı öz adı ilə çağırmağı bacarmalıyıq. Rusiya bölgədə 90-cı illərdə işğalçı kimi çıxış edib. Xocalı soyqırımında da 366-cı motoatıcı diviziyanın rolu hər kəsə məlumdur. Bu baxımdan Türkiyə kimi böyük bir ölkənin prezidenti olan Ərdoğanın tez-tez "Qarabağın açarının Rusiyada olması" tipli fikirlər səsləndirməsi məncə bir qədər onun statusuna yaraşmayan davranışdır. O, bu fikirləri ürəyində saxlamalı və yeri gələndə Putinə bu məsələdə təsir göstərməyi bacarmalıdır. Putin onsuz da bütün dünyanın nifrətini qazanmış və öz ölkəsinin təklənmiş bir dövlət başçısıdır. Həmçinin Dağlıq Qarabağ məsələsində də tutduğu mövqeyinə görə Azərbaycanın etimadını itirib. Ərdoğan ABŞ-ın, Almaniya kimi Türkiyənin dostu olan bir ölkənin ünvanına istənilən kəlmələrdən istifadə edə bilir, amma nədənsə Rusiyaya gəldikdə çox ehtiyatlı və diplomatik etiketləri gözləyən ifadələrdən istifadə edir. Mənə elə gəlir ki, Rusiyanı öz adı ilə çağırmaq lazımdır. Rusiya işğalçıdır, Azərbaycan torpaqlarını o işğal edib və sonradan isə problemin həlli yolunda süni əngəllər yaradıb.

Biz təkcə Xocalı soyqırımından danışırıq, amma Xocalının lap yaxınlığında Qaradağlı kəndi var ki, orda hər kəsi öldürüblər. Qaradağlı soyqırımı heç də Xocalıdan geri qalmır. Həmçinin Qazaxın Bağanis Ayrım kəndini od vuraraq əhalisi ilə birgə yandırıblar. O kənddən cəmisi 2-3 ailə xilas olub, qalanları yanaraq kül olub. Yəni, biz bu faktları bilə-bilə bütün dünya çatdırırıq, dünya bizi dərk etmir və indi də Putinin qabağında yalvarıcı bir vəziyyətdə durmaq istəyirik. Məncə, Putinə yalvarmağa ehtiyac yoxdur. Ondan tələb etmək lazımdır. Yox, əgər bunu yerinə yetirməyəcəksə, inanıram tarixdə elə bir dövr gələcək ki, biz Rusiyanın etdiklərinin intiqamını ala biləcəyik.
 
Dünyanın başqa üzü də var, başqa ölkələri də var. Həmin ölkələrlə əlaqə yaratmaq və eyni zamanda bu problemin siyasi anatomiyasını bütün dünyaya çatdırmaq lazımdır. Ərdoğanın bu prosesə qoşulması sözsüz ki, problemin həllinə pozitiv siyasi fon verir, amma eyni zamanda Ərdoğan Fələstin məsələsi barədə daha çox danışır, nəyin ki, Qarabağ problemi haqda. Fələstinin problemi ilə qoy 26 ərəb ölkəsi məşğul olsun. Türkiyə və türklərin hər şeydən öncə Dağlıq Qarabağ problemi ilə məşğul olması gündəmin birinci məsələsinə çevrilməlidir. Güman edirəm ki, Rusiyaya həddindən artıq güvənmək də lazım deyil. Çünki Rusiyanın ipinin üstünə odun yığmaq olmaz".
 
Çingiz Səfərli