Foto 17:31 28.10.2018

Qardaşxan Əzizxanlının şeirlər kitabı təqdim edilib (FOTOLAR)

Oktyabrın 27-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə nəşr olunmuş "İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimatı və "İmza günü” keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxana tərəfindən birgə təşkil edilən tədbirdə iştirakçılar əvvəlcə yubilyarın yaradıcılığına dair "Qardaşxan Əzizxanlı-60” adlı sərgi ilə tanış olublar. Sərgidə Milli Kitabxananın fondunda olan şairin müəllifliyi, redaktorluğu, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənmişdir. 

Tədbir gənc ifaçı Nərgiz Ramizqızının ifasında "Cənab leytenant” mahnısı ilə başlayıb. Qardaşxan təqdimatın bu mahnı ilə başlanmasının rəmzi məna daşıdığını bildirmişdir: "Şair demiş, "İndi gərək hər anımız vətən desin!” Bu mahnı artıq xalqın mahnısıdır, – hamımızındır. Tədbir iştirakçıları da ifaçıya qoşularaq, Qarabağ nisgilli bu vətənpərvərlik mahnısını oxumuşlar.

Təqdimat mərasimində Qardaşxan Əzizxanlı kitab barədə fikirlərini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, "Gözlə qaş arasında”, "Otuz yeddini keçəndə”, "Ürəyin baxdığı yerdən” kitablarından seçmələrin toplandığı, min nüsxə tirajla çapdan çıxan bu poetik "Divan”da məhəbbət, Vətən, sənət, həyat və dünya haqqında şeirləri toplanıb.

Fərqli bədii tərtibatı ilə diqqət çəkən poetik toplunun orijinal xüsusiyyətlərindən biri də onun oxucuya, eyni zamanda, məzmunca fərqlənməyən "İlkimdəsən, indimdəsən, sonumsan” adı ilə təqdim edilməsidir. Nəşrin "Poliqlot” bölməsində şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr, habelə alman şairləri Y.V.Höte və H.Haynedən tərcümələri yer alıb. Kitabın redaktoru Əlizadə Nuri, bədii redaktorları Gilan və Nurlan Şahtaxtlıdır.

Milli Məclisin deputatı, professor Musa Qasımlı şairin gözəl şeirləri ilə yanaşı, yüksək insani keyfiyyətlərini də vurğulayıb. Qeyd edib ki, kitabda yer alan şeirlərin əsas məzmunu Vətən sevgisi, torpağa bağlılıq ruhdadır. Şairin əsərlərinin poetik ruhunun oxucuya aşıladığı ovqatdan danışan deputat müəllifə yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal, tarix elmləri üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, şair-kinodramaturq İlqar Fəhmi, şairlərdən Əjdər Ol, Şahin Musaoğlu, Xanəmir, Yusif Savalan, həmçinin Qarabağ müharibəsi veteranı İlham İsmayıl Qardaşxan Əzizxanlının poetik istedadının müxtəlif məziyyətlərindən söz açıblar. 

Mərasimdə Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Ayşən Mustafalı, Səidə Cabarova, Aytac Həsənova, Pinar Məmmədzadə, Nəzrin İsmayıllı, Səkinə Ələkbərova və "Zəkalar” liseyinin şagirdləri Aydan Mehdiyeva, Nəzrin Ağazadə, Şəbnəm Haşımlı, Fateh Şıxlar, Nilufər Tağıyeva, Aydan Paşa, Nizami rayon 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Müğənni İlham Əsgəroğlunun "İncəgülü” saz havası üzərində Qardaşxanın "Gömgöy” qoşmasını ifa etməsi törənə gözəllik gətirib.

Sonda Əhməd Cavad Üzeyir Hacıbəyov sənətinin möhtəşəm nümunəsi olan "Çırpınırdı Qara dəniz " mahnısının tədbir iştirakçıları tərəfindən hamılıqla oxunması tədbirə əzəmət verməklə xüsusi məna və məzmun bəxş edib.