Sənət 12:13 12.05.2018

Qardaşxanın yeni kitabı iki adla nəşr ediləcək

"İlkim də sən İndim də sən Sonum sən”– Qardaşxanın 17 yaşında içdiyi bu poetik and ilk məhəbbətinə, vətəninə, sənətinə– könül bağladığı bütün nəsnələrə ünvanlanıb və bu günlərdə "Nurlan” nəşriyyatında Qardaşxanın çapdan çıxacaq yeni şeirlər kitabı belə adlanır.
 
1000 nüsxə tirajla nəşr ediləcək 200 səhifəlik poetik toplunun bir orijinallığı da onun, eyni zamanda, məzmunca fərqlənməyən ikinci adla təqdim edilməsindədir: "QARDAŞXAN HAQQARAR. İlkimdəsən İndimdəsən Sonumsan”, –arxa üzündə isə kitab oxuculara bu şəkildə təqdim olunur. 

Annotasiyada deyilir: "Qardaşxanın "Qaşla göz arasinda” , "Otuz yeddini keçəndə”, "Ürəyin baxdığı yerdən” kitablarından seçmə şeirlərin də əksini tapdığı bu duyğu və düşüncə Divanına onun son üç beşillikdəki yeni poetik örnəkləri toplanıb. "Poliqlot” bölməsində Qardaşxanın ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr yer alıb. Çevirmələr Xaqani Cavadoğlu, Yusif Savalan və mərhum Dmitri Dadaşidzeyə məxsusdur. Bu bölməyə müəllifin orijinaldan etdyi tərcümələr– alman şairləri Y.V.Höte və H.Haynenin şeirləri də salınıb”.

Kitabın redaktoru Əlizadə Nuridir. Elturanın və Gilanın rəsm əsərləri şeirlər toplusunun bədii tərtibatına daha bir özünəməxsusluq gətirib.