Dünya 11:40 30.03.2024

Qazaxıstan ölkəni tərk etmiş Rusiya banklarını Çin, Türkiyə və Koreya ilə əvəz edəcək

Qazaxıstan hökuməti Rusiyanın Sberbank, VTB və Alfa Bankını əvəz etmək üçün Çin, Türkiyə və Cənubi Koreyadan olan bankların törəmə şirkətlərini ölkəyə cəlb etmək niyyətindədir. 

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin (ARFRDF) sədr müavini Nurlan Abdrahmanov deyib

"2022-ci ildə baş verən hadisələrə görə bu banklar öz işini dayandırıb və praktiki olaraq bazarı tərk ediblər”, - Abdrahmanov izah edib. Onun sözlərinə görə, nəticədə Rusiya kredit təşkilatlarının müştəriləri Qazaxıstan banklarına köçüb və bu, onların "sistemdə konsentrasiyasını” artırıb.

Abdrahmanov qeyd edib ki, bu baxımdan, kredit faizlərini azaltmaq və bazarı stimullaşdırmaq üçün ölkənin Qazaxıstan banklarına böyük xarici rəqiblərə ehtiyacı var. Eyni zamanda o, respublikada Bank of China, ICBC, TPBC Bank, Shinhan Bank və Koreya bankının törəmə şirkətlərinin artıq fəaliyyət göstərdiyini, lakin onların kifayət qədər fəal olmadığına aydınlıq gətirib. Onların Qazaxıstanda biznesin inkişafına marağını artırmaq üçün maliyyə bazarı tənzimləyicisi qanunvericiliyə dəyişikliklər hazırlayır.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev ölkədə korporativ kreditlərin həcminin yetərli olmadığını və problemin həlli üçün "üç etibarlı xarici bankın” cəlb edilməsinin lazım olduğunu bildirib. Hazırda respublikada 21 bank fəaliyyət göstərir.

Rusiyanın ən böyük bankları Ukraynadakı müharibə səbəbindən tətbiq edilən beynəlxalq sanksiyalara görə Qazaxıstandakı bizneslərini məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Onların hamısının SWIFT banklararası mesajlaşma sistemindən və dollar və avro ilə hesablaşmalardan əlaqəsi kəsilib və ABŞ onlarla əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib.

Nizami Bağırov