İdman 18:00 30.05.2018

“Qəbələ”nin yeni baş məşqçisi: heç kimin gözləmədiyi mütəxəssis təyin edildi

"Qəbələ” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Futbolçu kimi "Qarabağ” (1998-2000), "Dinamo” (2000-03), "Şəfa” (2003), "Saypa” İran (2004), "MKT-Araz” (2004-05), "Şahdağ” (2005-06), "Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), "Muğan” (2009) klublarında çıxış etmiş hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək "Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov "qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda "Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.