Ölkə 14:53 18.01.2018

Qabiliyyət imtahanı vermiş bakalavrlar magistraturaya qəbulda da inşa yazmalıdır? (ŞƏRH)

Bu il Azərbaycan universitetlərindəki Jurnalistika fakültələri ilk dəfə olaraq qabiliyyət imtahanı ilə qəbul olmuş bakalavrlarını yola salacaq. Ortaya bir sual çıxır. Bəs bakalavra inşa-yazı müsabiqəsindən keçərək qəbul olan tələbələr magist pilləsinə imtahan verdikləri zaman ikinci turda onlardan yenə yazı tələb olunacaqmı, yoxsa buna ehtiyac yoxdur?
 
Məsələ ilə əlaqədar Qaynarinfo-ya açıqlama verən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bakalavr və magistr pillələrində yazı müsabiqəsində tələb olunan şərtlərin bir-birindən fərqli olduğunu, bu səbəbdən də yazı müsabiqəsinin keçirilməsinin vacibliyini vurğulayıb:
 
"Bakalavra qəbul zamanı abituriyentə inşa-esse müsabiqəsində qoyulan tələblərlərlə magistr ixtisasına qəbul zamanı irəli sürülən tələblər bir-birindən çox fərqlidir. Gəlin bunları bir-birinə qarışdırmayaq. Magistr imtahanının ikinci mərhələsində keçirilən yazı-esse müsabiqəsinin şərtləri istər qrammatik qaydalara əməl etmək, istər mövzunun nə dərəcədə açılması, istərsə də mövzuda iddiaçı tərəfindən irəli sürülən fikrin əsaslandırılması baxımından daha çətindir. Bunlar hamısı çox vacib parametrlərdir və yoxlamaya gedən müəllimlərimiz də bunlara xüsusi diqqət yetirirlər. Həm də razılaşaq ki, 11-ci sinfi yenicə bitirən bir abituriyentlə 4-cü kursu bitirən bakalavr tələbəsi arasında ən azı fikirdə, məsələlərə yanaşma tərzində bir fərqlilik olmalıdır. Biz əgər birincini əsas götürüb getsək, mənə elə gəlir ki, bu, düzgün yanaşma olmaz.

Çox haqlı qeyd etdiniz ki, fakültəmizə qabiliyyət imtahanı ilə qəbul olan bakalavrların ilk buraxılışı bu ildir və artıq bu layihənin 4 ili tamam olur. Magistra qəbulla bağlı müəyyən dəyişikliklər edilməsi istiqamətində DİM ilə müzakirələr aparırıq. Ümumiyyətlə magistraturanın ikinci turuna qəbul maksimum dərəcədə ideallaşdırılmalı, qərb standartlarına uyğunlaşdırılmalıdır.

Həmçinin qeyd edim ki, jurnalistikanın magistratura pilləsinə təkcə jurnalistika fakültəsini bitirənlər deyil, eyni zamanda qeyri-ixtisas sahibləri də imtahan verə bilirlər. Bu baxımdan onların media ilə bağlı məlumatları, ümumi anlayışları yazı müsabiqəsindən öncə keçirilən müsahibə mərhələsində peşəkar jurnalistlərimiz, müəllimlərimiz tərəfindən də yoxlanılır. Ümumiyyətlə jurnalistikaya sənəd verən qeyri-ixtisas sahiblərinin əlində media ilə bağlı hər hansısa bir məhsul, istər yazı, istər reportak, istər videomaterial, istər bloq və s. olmalıdır".
 
BDU-nun Jurnalistika Fakültəsinin Nəzəriyyə və Təcrübə Kafedrasının müdiri Cahangir Məmmədlinin fikrincə isə qabiliyyət imtahanı ilə bakalavra qəbul olmuş tələbələrdən magisturaya qəbulda yenidən yazı istəmək artıqdır:

"Mənə elə gəlir ki, jurnalistika fakültəsinin builki bakalavrlarından magistratura pilləsinə qəbulda yenidən esse-yazı tələb etmək artıq olar. Düzdür, DİM belə lazım bilir, o ayrı məsələdir, amma bu il bakalavrı bitirən tələbələrin hamısı əslində essedən də yuxarı yazı yazmaq səviyyəsindədirlər. Düşünürəm ki, hətta onlardan bunu tələb eləsələr belə, yüksək səviyyədə yazı təqdim edəcəklər".
 
Çingiz Səfərli