Siyasət 17:59 12.04.2013

“Qərb gözləmə mövqeyindədir” - AÇIQLAMA

“Faktiki Azərbaycan hakimiyyəti hamıya-Rusiyaya, ABŞ-a, İrana qarşı dava açıb”

“Qərbin Azərbaycan siyasətində konkret bir hədəfləri yoxdur. Amma bu bir qədər inandırıcı görünmür. Ola bilər, o hədəfləri reallaşdırmaq, onlara nail olmaq üçün hansısa addımların atılması mərhələsi hələ çatmayıb”.

Bunu Qaynar.info-ya açıqlamasında Şərq-Qərb Araşadırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. 

Ə.Oruclunun sözlərinə görə, qərb nəinki müxalifətə, vətəndaş cəmiyyətinə, gənclər təşkilatlarına, hətta özünə qarşı atılan addımlara reaksiya vermir: “Bu iki səbəbdən ola bilər. Birinci səbəb odur ki, qərbin Azərbaycanla hansısa ciddi problemləri yoxdur, amma bu, bir çox səbəblərdən inandırıcı görünmür. İkinci səbəb o ola bilər ki, həmin planları reallaşdırmağın zamanı hələ çatmayıb. Ona görə də qərb gözləmə mövqeyindədir və müşahidələr aparır. Faktiki Azərbaycan hakimiyyəti hamıya - Rusiyaya, ABŞ-a, İrana dava açıb. Gözləyirlər, bu proseslər hara qədər gedəcək. Sadəcə olaraq, Rusiyanın təzyiqləri fonunda qərb də ona qoşulmaq istəmir. Məncə, buna görə gözləmə mövqeyi tutub”.

Ə.Oruclu qeyd edib ki, Qərb kimi özünə partnyor görəcəksə, ona dəstək verəcək: “Qərb dəfələrlə bəyan edib ki, kiməsə, hansısa siyasi qüvvəyə deyil, ümumilikdə demokratikləşmə və islahatlar prosesinə dəstək verəcək. İslahatlar, demokratikləşmə proqramını kim ortaya qoyacaqsa, çox ehtimalla Qərb ona dəstək verəcək”.

İlkin
Qaynar.info