Ölkə 16:48 18.12.2017

Qətlə yetirilən iş adamının oğlu 1,5 milyon manat tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamının qətlində ittiham olunan Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Azər Paşayev sədrlik edib. Prosesdə qətlə yetirilən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib.

V.Məmmədov ifadəsində atasını təqsirləndirilən şəxslərin üçü birgə qətlə yetirdiklərini, hadisə zamanı mənzildə 1 milyon 500 min manata yaxın pul olduğunu göstərib: "Atam sahibkar idi, birlikdə fabrik açmaq istəyirdik. Anam "Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olur. Evdəki pulun nə qədər olması barədə məlumatım da dövriyyədəki mallarla bilirdim".

Məhkəmədə məlum olub ki, V.Məmmədov 1,5 milyon manatlıq mülki iddia qaldırıb.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən təqsirli bilib, F.Axverdiyev və V.Rüstəmov isə özünü təqsirli bilməyiblər.