Ölkə 17:08 12.01.2018

"Qız tutmaq" taktikalarından biri də küçədə it gəzdirməkdir (REPORTAJ)

Bütün dünya "qızlara podxod" etmək məsələsini həll etsə də, bizim cəmiyyət hələ də bunun üçün müxtəlif yollar icad etməkdədir. Təbii ki, dövr kapitalizm, məqsəd isə müasirləşməkdir. Bu səbədəndir ki, icad edilən yollar da müasirləşməkdədir. Biz bu yollardan birini sizə açıqlayıb tamam başqa mövzudan danışmağa başlayacağıq. Müasir "qız tutmaq" taktikalarından biri də küçədə it gəzdirməkdir. Niyə? Çünki zərif cinsin nümayəndələri heyvanlara qarşı həssasdır. Bu həssalıqda ilkin ünsiyyət üçün bir vasitədir.

Məqsədimiz sizə alternativ yollar təqdim etmək deyil. Qaynarinfo sizə "Təzə bazar"da yerləşən it bazarından reportajı təqdim edir. Yolda gördüyümüz zaman "mənim də belə bir itim ya pişiyim olsun" deyənlər, gəlin birlikdə it bazarına gedək.
 
Bazara daxil olduğum vaxt qəfəsdə ağlayan itlərin səsi ürəyimi ağrıtdı. Satıcılara yaxınlaşıb öncə bu sualı verdim: "Bu itlər ancaq burda qalır? Bəs onları havaya çıxarmırsınız"?
 
Satıcı dərhal "Yox, burda qalmırlar. Təbii ki, çıxarırıq", deyə cavab verdi. Sonra özümü təqdim edib, reportaj üçün gəldiyimi dedim. Və başladım itlərlə tanış olmağa.

Qəfəslərdə döşəklərin üstündə yatan balaca itlər yorğun baxışlarla məni süzüb, yenidən mürgüləməyə davam etdilər. Onu da qeyd edim ki, it bazarında siz itlərlə yanaşı pişik, dovşan, balıq və tutuquşular da görə bilərsiniz. Burda həmçinin heyvanlar üçün lazım olan qidaları zoomağazalara nisbətən daha ucuz qiytmətə əldə etmək olar.

Siz də itinizin olmasını istəyirsinizsə, cibinizdə 100-2000 manat arası pulun olmağı vacibdir. Satıcının dediyinə görə böyük itləri evdə saxlayır və fotolarını müştərilərə təqdim edir. 

Satıcı Nurxanın dediyinə görə, qiymətlər burda satılan heyvanların cinsindən asılı olaraq dəyişir:
 
"Dovşanların qiyməti 5 manatdan 50 manata kimi dəyişir. İtlər də növlərinə görə 100 mantdan 2000 manata qədər qiymət aralığında satışı olur. İtlər elə Bakıda saxlanılıb, çoxaldılır. Xüsusi bir cins istəyən müştəri olarsa, həmin iti tapıb xaricdən gətirmək də olur. Balaca itlər burda gecələyir. Lakin böyükləri axşam özümlə evə aparıram". 

Düzünü deyim ki, bazarda demək olar alıcı yox, satıcı isə çox idi. Mən də satıcıya alıcıların harda olduğunu, ümumiyyətlə, satışın olub-olmadığını soruşdum:
 
- Bəs ev heyvan almaq istəyən alıcılar varmı?
- Əvvəlki illərə nisbətən alış səviyyəsi çoxdur. Əvvəl belə idi ki, satıcı az idi, alan çox. İndi tamamilə, əksinədir. Həftədə minimum 3-4 heyvan sata bilirik.
 
- Bəs hansı növ itləri hansı qiymətə almaq olar deyə bilərsinizmi?
- 100 manata "Zvonok" deyilən itlərdən almaq olar. 1000 manata təmiz cins alman "Ovçarka"ları tapa bilərsiniz. 800 manata "Maltiskaya bolonka"lardır. 250 manata "pekines" itlərini, "Pudil" itlərini 250-350 manata, "Labrador" itlərini isə 500-700 manat arası ala bilərsiniz.
 
 
Qiymətlərlə də tanış oldunuz. İndi istəsəniz gedin it bazarında pulunuzdan keçin, istəsəniz də küçədə kimsəsiz qalan itlərdən birinə sahiblənin. 

 
Lalə Niftaliyeva