Foto 21:17 20.04.2018

Qızıl adam və ya Ələmdar Cabbarlının "Qızıl"ı

Səhv etmirəmsə, universitetin 2-ci kursunda idik. 18-19 yaşlı bütün cavanlar kimi ağlım beş qarış havadaydı. Sıradan günlərdəndi. Tənəffüs bitsə də, dərs vaxtı  bufetdə idik. Çünki qayıb yazmaqla işi olmayan bir müəllimin dərsi olacaqdı. Uşaqlar zəng vurdular ki, tez sinfə qalxın, qayıb aldınız. Fikirləşdim qayıb almışamsa, artıq gecdi. Nə olduğunu sabah aydınlaşdıraram. Oxuyan tələbə olsam da, davamiyyətlə aram heç yaxşı deyildi. Elə ona görə də nizam-intizam və davamiyyətə nəzarət üçün yenicə təyin olunmuş Ələmdar müəllimə də münasibətimiz yaxşı olmadı. 
 
Səhəri gün mühazirə dərsi idi. Zəng içəri vurulan kimi orta boylu, qaşları düyünlü bir nəfər auditoriyaya daxil oldu. Arxadan "sizə qayıb yazdıran müəllim bu idi” cümləsini eşitdiyim an baxışlarıma yüksək gərginlikli "nifrət" yükləndi. Qanlı baxışlarla Ələmdar Cabbarlını yuxarıdan aşağı, aşağıdan yuxarı süzdüm. Elə o gündən günümüz "qara” oldu. Dərsə 5 dəqiqə gecikmək, dərsdən bir 45 dəqiqə tez çıxmaq kimi vərdişlərimizi təxirə salmalı olduq. Qayıb məsələsinə görə təzə vaxtlarda Ələmdar müəllimi patokda görməyə gözü olan yox idi. Amma onu da deyim ki, icazə almaq lazım olanda da hamı birbaş onun yanına yollanardı. Çünki ilk xahişdən icazə ala bilirdin, amma hələ də özüm şəxsən müraciət etməmişdim. Nə isə ki, gün keçdi, ay dolandı, o icazədən mənə də lazım oldu. Ələmdar müəllimin yanına yollandım. Xoş təbəssümlə niyə, nə üçün demədən icazə verdi. Təşəkkür edib otaqdan çıxdım və "Elə bil o qaş-qabaqla qayıbları düzdürən o deyil” deyə düşünə-düşünə getdim. Vaxt keçdikcə yuxarı kurslardan, dərsi dediyi qruplardan "yeni zamdekan” haqda müsbət fikirlər eşitməyə başlamışdıq.

3-cü kursun sonları idi. Uşaqlar bizim qrupdan da bir neçə nəfər daxil olmaqla, Ələmdar Cabbarlının nəzarəti altında Gəncəyə getdilər. Deyir, "Dostun necə adamdı?”, cavab verilir ki, "Yoldaş olmamışam”. Bu yoldaşlıqda uşaqlar nə gördülər bilmirəm, gələndən "Nərmin, bilirsən, necə gözəl insan imiş? Universitetdə gördüyümüz Ələmdar müəllimlə orada gördüyümüz Ələmdar müəllim tam fərqli adamlardı”.  Amma "göz gördüyünə inananar”...

Bu gün Ələmdar Cabbarlının "Qızıl” kitabının təqdimatında idim. Təbii olaraq, təqdimatda hər kəs xoş sözlər dedi. Kimisi kitabı təriflədi, kimisi Ələmdar Cabbarlının şəxsiyyətini...
 
Mən çoxlarının rəğbətini qazanmış bu insanı magistraturaya qəbul olduqdan sonra tanımışam. Və ona həm üzünə, həm də arxasınca ağız dolusu Ələmdar MÜƏLLİM deyə bildiyim üçün təşəkkür edirəm. Hər müəllim olan şəxs olmadığı yerdə belə, tələbənin ürəyində o sevgini, hörməti qazanıb, adının yanında "müəllim” statusunu saxlamağa nail olmur. Ələmdar müəllimdə qibtə etdiyim rahatlığı, böyük-kiçik demədən, hamının haqqında düşündüyünü rahat, səlis şəkildə ifadə edən və özünü bəyənmişlikdən çox uzaq olmasıdır. Mənim əslində Ələmdar müəllimin qələminə, fikirlərinə həm yaş və təcrübəmin az olması (bəlkə də qələmi ilə yaşıdam), həm də tələbəsi olduğum üçün fikir bildirmək haqqım çatmır. Amma deyim ki, povest və hekayələrdə toxunulan məqamlar bu gün cəmiyyətimizin sarı simləridir. Xüsusən də, "Ağsaqqal”... 

Sonda, qısa bir şey əlavə edəcəyəm. Ələmdar müəllim, xatırlayırsınızsa, bir dəfə mənə "hələ səni başa düşə bilməmişəm” dediniz. Mən "anlaşılmazlıqları” sevən adamam. Gün kimi aydın yazdığınız bu hekayələrinizlə yanaşı,  yəqin özünüz üçün saxladığınız 5-6 cümlə "başa düşülməyəcək” nələrsə var. Ümid edirəm onların oxucusu olmaq qismət olar...
 
Uğurlarınız daim olsun, Müəllim! 
 
Nərmin Həsənli