Lalə Niftaliyeva 

Gələcəyin gəlməməyinə səbəb (yəni ki, cəmiyyətin inkişaf etməməsinə səbəb) hələ də eyni mövzuları müzakirə edib onları həll edə bilməməyimiz, yeni olan hər şeyi rədd etmək, bir növ möcüzə ilə inkarlaşmaq həddində olmağımız, təkrarlanmağımıza, eyni mövzuları müzakirə etməmizə səbəb olur. Bir az ağır başladığımın fərqindəyəm. Amma bəzən qarışıq cümlələr sadə nəticələrə gəlməyimiz üçün vacib amildir. Elə götürək Hüqonu. Ədəbiyyatda ən uzun cümlənin müəllifi. Nəticə isə inkişafdır və Hüqo hələ də yaşayır. İncəsənətin inkişafına təkan verən anarxistlərə bizim cəmiyyətdə rast gəlmək demək olar ki, mümkün deyil. Çünki bizim anarxistlərin bünövrəsi yoxdur. Onların inkişafı səthidir. Azərbaycanda heç 50 yaş demirəm, 30 yaşlı anarxist yoxdur. Niyə? Ona görə ki, onlar mənimsəmək istədiklərinə oxşamaq istəyib, bunlara gücü çatmayan gənclərdən ibarətdir. Məni narahat edən bizik yəni, gənclər. Çünki qocaları dəyişmək, yəni yeniləmək, Hitlerin yəhudiləri sevməsi kimi bir şeydir. Gənclər isə örnəyi qocalardan götürür. Onlardan sonra gələn gəncliyin çox az hissəsi yeniyetməlik dövründən qurtula bilir. Buna səbəb isə bizim gəncliyin durğunluğudur.
 
Bəs gənclər bu durumda nə etməlidir? Bu necə aradan qalxa bilər? Mədəni inqilab üçün iki şey vacibdir: 1. Müharibə, 2. İnqilab.

Müharibə onun üçün lazımdır ki, kütləyə ilişib qaldığı bu mental dəyərlərin əhəmiyyətsizliyini göstərsin. Yəni ki, dostun, övladın, valideynin, tanımadığın doğmaların gözünün qarşısında ölür. Bu dönəm mənəvi inkişaf üçün bir mərhələdir. İstər dinlə, istər başqa fəlsəfi metodla həqiqəti dərk etməyə çalışan insan bilir ki, mənəvi ağrı inkişafa aparan əsas amildir. O zaman sənin beynin dərk edir ki, qızlıq pərdəsindən, yengədən, qadın ayaqlarından daha əhəmiyyətli şeylər var. Azərbaycan mədəniyyəti, musiqisi, kinomotoqrafiyası, ədəbiyyatı İkinci Dünya Savaşından sonra inqilab dönəmini yaşayıb. "Şərikli çörək", "Bizim Cəbiş müəllim", "Bir cənub şəhərində”, "Yeddi oğul istərəm” və s. filmlər, musiqidə Vaqif Mustafazadə, ədəbiyyatda Anar, Elçin, Yusif Səmədoğlu, Əkrəm Əylisli, rəssamlardan isə Səttar Bəhlulzadənin adını qeyd etmək kifayət edir. Biz müharibə və müharibə dövrünün təsiri ilə ilk inqilab dönəmini yaşadıq. Bu da müəyyən qədər feodolizmdən qurtulmağımıza imkan yaratdı. Lakin prosesin başlaması üçün orta vəziyyətin olması və sonra onun kəskin enib-qalxması vacib şərtdir. Bunu belə izah etmək olar: İlin 4 fəslini təsəvvür edək. Yaz, yay, payız, qış və 12 ay. Yazla yay bir-birinə bənzəsə də, kəskin istilər iyulun sonu avqustun əvvəli başlayır. Bu da o deməkdi ki, təqribən 5 ay orta vəziyyətini qoruyub saxlayan hava durumu qısa sürə yüksəklik dönəminiə keçid edir. Dünən tək köynək geyindiyin günün səhərisi gödəkcə geyindiyi günlə stabil halına geri dönür. Bu quruluq və uzun cümlələr üçün isə bağışla, əziz oxucu. Mən daha üst bir mərhələyə hazırlıq dövründə olduğum üçün bir qarışıqlıq yaşayıram və bu yazdıqlarıma da yansıyır. 

İndi isə keçək ikinci mətləbə. Yəni, inqilab məsələsinə. Öncə inqilab etmək istəyən beyin o dərəcədə inkişaf etmiş olur ki, artıq kütləni idarə edir. Onda yaşadığı dövrün psixologiyasına müharibə kimi təsir edən intellekt olmalıdır. Bu halın izahını isə öz tariximizə nəzər salsaq daha aydın müşahidə etmək olar. Bu inqilabı bizim cəmiyyətdə yalnız kişilər edə bilər. Çünki statistik nəzər salsaq, xarici ölkələr gəzən, yüksək təhsil alanların əksəriyyəti kişi cinsinin nümayəndələridir. Rejissor, yazar, rəssam və fotoqraflar içində ən yaxşısı hələlik onlardır. Bunun nəticəsində onlar artıq qadın olmadan da əylənə bilir. Bu da o deməkdir ki, onların aslılıq duyğusu azalıb. Qadınlar isə əksinə, hələ də əks-cins olmadan əylənə bilmirlər. Və onlardan çox asılıdırlar. Lakin bizim gəncliyin etiraz hissi məişət səviyyəsindən o tərəfə keçə bilmədiyi üçün bu yol bizim üçün əlçatmaz olaraq qalır. Hələ ki...

Demək istədiyim odur ki, eyni mövzuların təkrar olunmasına qıcıqlanmaq lazım deyil. Biz hələ bu mövzuların içində bir müddət eşələnməyə məcburuq. Hələ ki, incəsənətimiz real insan hadisələrini dərk etmək üçün uzun zaman kəsiyindən keçməyə məcburdur. Lakin mədəni inqilab qaçılmazdır. Biz axının bir parçasıyıq. Gec və ya tez, bizdən çox qarşıda olanların keçdiyi yoldan keçməyə məcburuq.