Ekonomiks 18:56 18.10.2013

“Qlobal Dan Şəfəqləri”ndən yeni müzakirə

Bu gün - 18 Oktyabr, 2013-cüil tarixdə, Böyük Britaniyanın Oksfam beynəlxalq humanitar təşkilatı “Sapphire” mehmanxanasında “Qlobal Dan Şəfəqləri” (“Sunrise”) Layihəsi çərçivəsində soğanın istehsalı və emalı dəyər zəncirinin iqtisadi səmərəlilik təhlilinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Qaynar.info xəbər verir ki, tədbirin əsas məqsədi dəyər zəncirinin iqtisadi səmərəlilik təhlilinin nəticələrini bütün maraqlı tərəflərin, o cümlədən hökümət və qeyri-hökümət nümayətdələrinin, bank, inkişaf agentlikləri, investor və emalçıların nəzərinə çatdırmaqdır.  Tədbirdə İqtisadi İnkişaf   Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dünya Bankı, emalçı şirkətlər, mikromaliyyə institutları və biznes qurumlarının nümayəndələri, eləcə də iqtisadçı ekspertlər iştirak edirdi.

3 saat davam edən tədbiri giriş sözü ilə açan təşkilatın ölkə üzrə rəhbəri Şövkət Əlizadə Unilever şirkəti ilə birgə həyata keçirilən layihənin qısa tarixçəsindən, bu layihədə Azərbaycana üstünlük verlməsi səbəblərindən bəhs edərək bildirdi ki, soğan dəyər zəncirinin inkişaf etdirilməsi və bu yeni məhsulun dünya bazarında rəqabətə davamlı məhsula çevrilməsi üçün real potensial mövcuddur. Tədbirin məqsədinin məhz bu potensialın üzə çıxarılması üçün müxtəlif tərəflərin verə biləcəyi tövhələri öyrənmək və növbəti addımları müzakirə etmək olduğunu vurğulayan xanım Əlizadə adı çəkilən dəyər zənciri üzrə dünyadakı tendensiyanı iştirakçıların nəzərinə çatdıraraq onu da vurğuladı ki, bu sahədə dünyanın aparıcı oyunçuları da Azərbaycandakı potensialı dəyərləndirməkdədir.

“Qlobal Dan Şəfəqləri” (“Sunrise”) Layihəsinin koordinatoru Ramilə Aslanova birgə layihədə Oksfamın həyata keçirdiyi işlər barədə danışdı: “3 il ərzində 17 ha ərazidə 5 mövsüm Nümayiş Sahəsi ndə 10-dan çox yeni ağ və sarı soğan növləri sınaqdan keçirilib. Hollan ekspertlərinin işləyib hazırladığı mütərəqqi əkin texnologiyaları tətbiq olunmuş və bunun nəticəsində əldə olunmuş  məhsuldarlıq nəticələri ölçülmüş və emal üçün aparıcı faktor olan quruluq maddəsi üçün laboratoriya təhlilləri aparılmışdır. Fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində Açıq Tarla Günləri keçirilmiş və rəqabətə davamlı yüksək keyfiyyətdə məhsulun istehsalı yolları onlara çatdırılmışdır”.

“Unilever” təşkilatının nümayəndəsi Justin Tait bildirib ki, dünyada yoxsul əhalinin 75%-i əyalətlərdə yaşayır və kənd təsərrüfatından asılıdır : “Dünyada 525 milyon fermer var və onların 90%-i kiçik fermerlərdir. Kiçik fermerlər hal-hazırda dünyanın qida ehtiyacının yarısını istehsal edir. Kənd təsərrüfatı məhsullarına artan tələbat və təbii resurslara düşən gücü nəzərə alaraq, bizneslər daha çox kiçik istehsalçılara və onların təchizat bazalarına ehtiyac duyacaqlar”. 

İqtisadçı-ekspert Mahmud Cəfərov Oksfam üçün etdiyi tədqiqatı tədbir iştirakçıları ilə bölüşdü. Tədqiqat quru soğan dəyər zəncirinin istər fermer, istərsə də emalçı perspektivindən nə dərəcədə səmərəli olduğunu iqtisadi təhlillər və hesablamalarla ortaya qoyur, müxtəlif ssenarilər üzrə hansı nəticələrin alına biləcəyini bariz nümayiş etdirir. Tədqiqat həmçinin bu istiqamətdə mövcud beynəlxalq təcrubəni də nümunə olaraq göstərərək Azərbaycanda dəyər zəncirinin uğuruna təkan verəcək məsələləri, mövcud risk və imkanları da dəyərləndirir. Mahmud Cəfərov qeyd etdi ki, quru soğan bazarı çox böyükdür, belə ki, quru soğan sup, souslar kimi hazır qidaların tərkibində əsas komponent kimi, həmçinin restoran və kafelər tərəfindən, eləcə də orduda yemək hazırlanmasında istifadə olunur. Ekspert bildirdi ki, quru tərəvəzlərlə müqayisədə xam tərəvəzlərin saxlanması zamanı itkinin olması və istifadəsi xeyli çətindir.

Bu amilləri nəzərə alaraq fərdi istehlakçılar tərəfindən də quru meyvə və tərəvəzlərə olan tələbatın istər yerli bazarda, istərsə də beynəlxalq bazarda artan dinamika üzrə inkişaf etməsi bu cür dəyər zəncirlərinin potensialını bir daha ortaya qoyur.


Qaynar.info