Dünya 15:42 13.07.2017

Qlobal torpaq problemi: 40 nəfər bir otaqlı evdə yaşayır (FOTO)

Əhalinin sayının artması, iqlim dəyişikliyi, kütləvi köç səbəbindən XXI əsrdə qarşı-qarşı qaldığımız problemlər arasında torpaq problemi də var.

"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, Maldiv Respublikasının paytaxtı Male şəhəri sanki okeanda üzən göydələnlərlə dolu bir gəmi təsirini bağışlayır. Bu ada şəhəri ancaq yuxarıya doğru böyüyə bilər. Şəhər əhalisinin sayı son 10 ildə 52 faiz artıb. Sayı 160 mindən çox olan əhali 5,7 min kv. kilometr sahəyə sığışmaq məcburiyyətindədir. Bu şəhər üçün torpaq çox qiymətli sərvətdir. Küçələrdə ya səki yoxdur, ya da 2 insanın yanaşı keçməsi üçün yollar çox azdır.


Şəhərdə kirayə qiymətləri o qədər bahadır ki, kasıb məhəllələrdə 23 kv. metr sahəsi olan bir evdə 40 nəfər yaşayır. İnsanların bu şəkildə sıx yaşamaları isə təbii ki, cinayət və şiddət hallarının artmasına səbəb olur.

Maldivin paytaxtı Malenin bugünkü vəziyyəti əhali sayının artımı və yetərli qədər torpaq olmaması probleminin həllinin vacibliyi üçün nümunədir. Əgər 90-cı illərdə şəhərdəki binaların əksəriyyəti ikimərtəbəli idisə, bu gün isə çoxu təxminən 8 mərtəbəlidir. Həmçinin 25 mərtəbəli binaların da sayı sürətlə artmaqdadır. Əhalinin sayı artdıqca sosial-iqtisadi problemlər də artır. Şəhərin zibil ehtiyatı o qədər çoxdur ki, dənizdə yeni bir adanın yaranmasına gətirib çıxarıb.


Dünya əhalisinin sayı hər il təxminən 83 milyon nəfər artmaqdadır.

Bir müddət öncə yazdığımız geniş məqalədə demoqrafiya ilə bağlı BMT-nin gələcək illər üçün olan proqnozlarını qeyd etmişdik. 

KEÇİD LİNKİ: Azərbaycanda və dünyada 2050-ci ilə qədər əhalinin sayı nə qədər olacaq?

Bu insanların hamısının gələcəkdə yaşamağa, işə, qida məhsulları hazırlamaq üçün torpağa, suya, enerjiyə ehtiyacı olacaq. Bu baxımdan tələbat da artacaq. Avtomobil idarə etmək üçün yollara, onu saxlamaq üçün park yerlərinə, əgər şansları varsa istirahət və əyləncə məkanlarına ehtiyac duyulacaq. Bu qədər insanın torpaq üzərində yaşamaq istəməsi də gec-tez münaqişələrin yaranmasına gətirib çıxaracaq.

Yer üzündəki torpaq sahələrinin əksər hissəsi yaşamaq üçün əlverişli deyil. Bu səbəbdən buz altında olmayan 13,4 milyard hektarlıq ərazinin 11 milyon əhaliyə ancaq bəs edəcəyi qeyd olunur. Lakin bu torpaqların da böyük hissəsi Sibir və Avstraliyanın təbiəti kimi iqlim və məsafə problemləri ilə əlaqədar qeyd etdiyimiz kimi yaşamaq üçün əlverişli deyil. Digər bir tərəfdən isə şəhərlərin böyüməsi də müəyyən bir yerə qədər ola bilər.


Kaliforniya Elmlər Akademiyasının üzvü Conatan Foli əhalinin artımının sıxlaşma məsələsinə gətirib çıxarması fikrinin düzgün olmadığını, inkişaf etmiş ölkələrin əhalisi ilə müqayisədə yaşayışın sıx olduğu ölkələrin əhalisinin maddi qaynaqlardan, həmçinin istehsal vasitələrindən daha az istifadə etdiyini bildirib.

Məskunlaşma sahələri yer üzərindəki torpaqların 3 faizini təşkil edir, 35-40 faizlik ərazi isə kənd təsərrüfatı üçün istifadə edilir. Torpaqların təxminən 445 milyonu əkinçilik üçün əlverişlidir.

Tədqiqatçılar qida, sənaye, meşə təsərrüfatı üçün artan tələb və genişlənən şəhərlər səbəbindən torpaq ehtiyatının hamısının 2050-ci ilə qədər istifadə edilmiş olacağını proqnozlaşdırırlar. bu səbəbdən belə bir sual ortaya çıxır. XXI əsrin 50-60-cı illərində insanların ehtiyacları hansı şəkildə qarşılanacaq?

Meşələrin 80 faizi kənd təsərrüfatını inkişaf məqsədilə qırılır. Folinin açıqlamasına görə bu gün torpaqlardan məhsuldar şəkildə istifadə etmirik:

"Kənd təsərrüfatı sahələrinin 75 faizi qida ehtiyatı üçün saxlanılan heyvanların bəslənməsi üçün istifadə edilir. Bundan əlavə becərilən qida məhsullarının 40 faizi zibilliyə atılır".

Yəni, daha az ət məhsulu yemək və qida israfını azaltmaq yaxşı həll yolu ola bilər.


Çin və Hindistan kimin sürətlə inkişaf edən ölkələrdə artan rifah orta sinif təbəqəsinin artmasına gətirib çıxarır. Bu seqmentin 2030-cu ildə 4,9 milyarda çatması proqnozlaşdırılır. Həmin təbəqənin insanlarının televizor, soyuducu, mobil telefon, kompüter, avtomobil və s. alması səbəbi ilə qarşıdan gələn 20 il ərzində enerjiyə olan tələbat 2 dəfə artacaq və bunun ətraf mühitə çox böyük təsiri olacaq.

İqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi, baş verən sel və daşqın hadisələri sahil şəhərləri üçün çox böyük çətinliklər törədir və əraziləri getdikcə kiçilməyə başlayır.

Dəniz səviyyəsi yüksəlir, ticarət və sahil şəhərlərinin zənginliyinin artması əhalinin orta sinfinin böyüməsinə səbəb olur, 2000-ci ildə 625 milyon insan dəniz kənarında yaşayırdısa 2060-cı ildə bu rəqəmin 1 milyard olacağı ehtimal olunur. Şəhərləşmə və iqlim dəyişikliyi səbəbindən bu sahələr daha həssas bölgəyə çevrilir. Dəniz səviyyəsinin yüksəlməsi Maldiv kimi ada ölkələri ilə Mayami kimi sahil şəhərlərinin torpaq itkisinə gətirib çıxarır. Döyüş və quraqlıq səbəbi ilə baş verən kütləvi köç prosesləri onsuz da yaşayışın sıx olduğu yerləri bir az da sıxlaşdırır, maddi qaynaqlar azalır. Torpaqlarının 80 faizi sel basqınlarına məruz qalan Banqladeş kimi ölkələrdə torpağın dəyəri sürətlə artır. Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə belə sel riski olan bölgələrə qoyulan xərclər milyardlarla funt-sterlinqə başa gəlir. Hollandiya bu problemi sahildə suyun daşmasından sonra geri çəkilə biləcəyi bir sahə yaratmaqla həll edir. Hər il 21,5 milyon insan təbii fəlakətlər səbəbindən köçmək məcburiyyətində qalır.


Kanadanın baş naziri və Dünya Qaçqınlar Şurasının (World Refugee Council) rəhbəri Lloyd Aksvorzi köç məsələsini belə dəyərləndirir:

"Suriyanın şimalındakı quraqlıq səbəbindən Hələb kimi şəhərlərə çöl sahələrindən əhalinin kütləvi köçü indiki vaxtda davam edən qorxunc münaqişəni yaradan amillərdən biri olub".

İqlim dəyişikliyi və quraqlıq səbəbi ilə əlaqədar olaraq su da getdikcə daha böyük əhəmiyyət qazanır.

BMT Mühacir Təşkilatının məlumatlarına görə, 2016-cı ildə 65,6 milyon insan münaqişə səbəbindən öz yerlərini tərk etmək məcburiyyətində qalıb. Bu, İkinci Dünya müharibəsindən bu yana müşahidə edilən ən yüksək rəqəmdir.

Ötən il köç edənlərin 22,5 milyonu müxtəlif ölkələrə sığınıb. Bunların ancaq 190 minə yaxını normal yaşayış yeri tapıb, qalanları ya düşərgələrdə, ya da hökumətin dəstəyi olmayan yerlərdə məskunlaşmağa məcbur olub.


Qaçqınların sığındıqları ölkələr isə onsuz da məhdud olan maddi qaynaqlarını həm də bu problemin həlli üçün istifadə etmək məcburiyyətində qalır.

Bu gün dünya əhalisinin yarısı şəhərlərdə yaşayır. Bu insanların hamısının səhiyyə, təhsil, məşğulluq kimi ehtiyaclarının qarşılanması da böyük problemlər yaradır. Şəhər həyatı diqqətli planlamalar tələb edir. Bunlar olmadıqda isə infrastrukturdan məhrum böyük gecəqondu məhəllələri ortaya çıxır.

Bu gün ən böyük şəhərləşmə Afrika və Asiyada yaşanır. 2020-ci ildə Afrika şəhərlərdə yaşayan 560 milyon əhali sayı ilə dünyanın ikinci ən böyük şəhərləşmiş qitəsi olacaq. Asiyada isə şəhər əhalisinin sayı 2,4 milyarda çatacaq. Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə, Afrikada şəhər infrastrukturunun inkişafı şəhərləşmə ilə müqayisədə xeyli dərəcədə geri qalır.

Suyu bol olan ölkələr ət və buğda kimi məhsullar ixrac edərək, əslində digər ölkələrə "virtual su" ixrac etmiş olurlar.


Rokfeller Universiteti və Kolumbiya Universitetində Demoqrafiya Laboratoriyasının rəhbəri olan Coel Kohen əhali artımının yoxsul bölgələrdə daha sürətli olduğunu, bunun gecəqondulardan yaşayanların sayının artması səbəbindən baş verdiyini söyləyib.

XXI əsrin sonunda gecəqondu əhalisinin sayının 1 milyard da artacağı proqnozlaşdırılır. Dünyada insan sayı çox və bəlkə də həddin artıq olacaq. XXI əsrdə əsl problem yəqin ki, bu torpaqları kimlərlə və hansı şəkildə paylaşacağımız isə sual altındadır.

Çingiz Səfərli

Qaynarinfo.Az