Ölkə 18:18 29.12.2012

Qorxmayanda qorxurlar


Jalə İSMAYIL

Bu qeydlər təxminən yaş yarımındadır. Bir müddət əvvəl aktyor İlqar Cahangirovun başına gələn və ölkənin azsaylı İnternet xalqı (yeni etnik qrupdur) tərəfindən gen-bol müzakirə olunan hadisədən sonra yadıma düşdü. Axtarıb tapdım. Sevinərək. Yazdıqlarımın tarix olacağına ümid edib sevinərək.
***

Siz gördünüzmü? Mən heç vaxt görmədim. 90-ların sonunda bir neçəsini gördüyümdən bəri keçən dövrü “heç vaxt” saysam, elə heç vaxt onları meydanda – xalqın içində görmədim.

Onlar filmlərimizdə qəhrəmandılar. Onlar qəhrəmanlar haqqında mahnılar yazırlar, onlar qəhrəmanlıq mahnıları oxuyurlar. Onlar qəhrəman portretlərinin mahir ustalarıdılar. Çox həssas və qayğıkeşdilər. Bəzən səmimidilər, bəzən də oyun oynayırlar. Onlar bizi güldürür, ağladır, ilk məhəbbətimizə qaytarır, gələcəyə aparır, ruhlandırır, kədərləndirir, sevindirirlər.

Öz işlərilə məşğul olurlar? Okey. Onda çörəkçi də çörəyini bişirsin, əsgər də olan-qalan dərisini bitə yedirtsin. Müəllim sağa-sola baxmasın, dərsini keçsin, həkim reseptini yazsın, xəstə də ölsün öldüyü yerdə. Hamı öz işiylə məşğul olsun.

Müəllim çörəkçidən soruşmasın ki, bişirdiyi niyə şitdi. Həkim müəllimə deməsin ki, niyə onun uşağına iki eşşəyin arpasını bölməyi öyrətməyib. Xəstəni də bit basmış əsgər maraqlandırmasın. Onsuz da ölür, ölsün öldüyü yerdə. Hamı öz işiylə məşğul olsun.

İllərdi heç bir rəssamı, aktyoru, bəstəkarı görmədik mitinqlərdə. Onları öz yerlərində gördük. Sərgidə, konsert salonlarında, səhnədə. Yeddi notun başına fırlananlar, yeddi rəngdən rəng çıxaranlar inciməsinlər. Sözə tapınanların ictimai vicdanı müqayisəolunmaz dərəcədə güclüdür. Bu, Sözün gücüdür!

Amma ehtiyatda bir variant var(dı) – biz qadağan olunmuş RƏSMlər, MUSİQİlər, TAMAŞAlar, KİNOlar ölkəsində yaşaya bilər(d)ik. Onlar heç olmasa bunu etməli(y)dilər. Bunu edən, etmiş, edəcək istisna ONLAR istedadlarından daha artıq olan cəsarətlərindən dolayı daha artıq hörmətlə yad ediləcəklər.

Ən pisi o deyil ki, onlar ən çətin anlarımızda bizimlə deyillər. Ən pisi odur ki, biz onları həmişə sevəcəyik. Hirslə, söyə-söyə, gülə-gülə, təəssüflə, qəzəblə…amma həmişə (!!!) bir axşam taksidən payıza düşənlərdən biri olmaq istəyəcəyik… yazanını, oxuyanını unudub… Lənət olsun bizə!

***

…İli yadımda deyil. Sahil bağında qaçhaqaçlı mitinq idi. Kimin mitinqi, heç o da yadımda deyil. Dəyənəyin qorxusundan yoluq palmaya sığınıb daha etibarlı yer tapmaq ümidilə yaxına-uzağa baxırdım ki, Cavanşir Quliyevin düz yanımda durub qaşlarını çataraq ora-bura qaçan adamlara baxdığını gördüm. Elə sevindim ki! Cavanşir Quliyevi yaxından görmüşdüm axı! Dostlara bunu necə danışacağımı xəyal etdiyim vaxt yekəpər, lopabığ asayiş keşikçisi əlindəki dəyənəyi yellədə-yellədə düz Cavanşir bəyin üstünə yüyürdü. Bəy yerindən tərpənmədi. Lopabığ dəyənəyi qaldırıb qışqırdı. Bəy gözlərini qırpmadı da. Mən çox qorxdum. Bir anda gözümün qabağına gəldi ki, onun başı yarılıb, qanı üzünə süzülür. Amma bəstəkar altdan-yuxarı pəzəvəngə necə baxdısa, o, dəyənəyini aşağı saldı və daha yavaş səslə dedi:

- A Kişi (seçdirmə polisindir-müəl.), çıx get evinə də! Durma burda!

Bəy heç nə demədi. Ona baxmağa davam elədi. Paqonlu yekəpər bu baxışların altında duruş gətirə bilməyib, papağını tuta-tuta bağın o başına qaçdı – mitinqçiləri qovmaq üçün.

O, tanımışdımı Kişini, bilmirəm. Amma mən tanıdım. Həm də bu Kişidən elə ordaca bir şey öyrəndim: qorxmayanda qorxurlar…