Ekonomiks 00:05 02.05.2015

Qubad İbadoğlu: "Dövlət Neft Fondunun aktivləri azalmaqda davam edəcək"

Son 3 ayda Dövlət Neft Fondunun aktivləri 2,174 milyard dollaradək azalıb. Musavat.com xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu məsələni şərh edib. Qubad İbadoğlu bildirib ki, 2015-ci il aprelin 1-ə Dövlət Neft Fondunun (DNF) aktivləri 2015-ci ilin əvvəli ilə müqayisədə 2 milyard 173 milyon 600 min dollar və ya 5,86%, ötən ilin eyni dövrünə nisbətdə isə 1 milyard 688 milyon dollar və ya 4,61 faiz azalaraq 34 milyard 930 milyon 500 min dollar təşkil edib. Bu il yanvarın 1-ə Fondun aktivləri 37 milyard 104 milyon 100 min ABŞ dollarına çatmışdı. Görünür ki, bu rəqəm DNF-nin aktivlərinin pik səviyyəsi kimi tarixdə qalacaq. 

"Neftin qiymətinin ucuzlaşması, hasilatın azalması, istismar xərclərinin çoxalması səbəbindən DNF-nin aktivlərinin tendensiya xarakteri alacağı şübhə doğurmur. Maraqıdır ki, DNF ilk dəfə olaraq valyuta gəlirlərinin idarəolunmasından nə qədər qazandığı barədə məlumatı açıqlamayıb.  2015-ci ilin yanvar-mart ayları ərzində DNF-nin büdcəsində 307,6 milyon manat kəsir yaranıb. Belə ki, 1-ci rübdə onun gəlirləri 2 028,0 milyon manat, xərcləri isə 2 335,6 milyon manat təşkil edib. Bu dövrdə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə əlaqədar DNF-nin budcədənkənar gəliri 7,489 milyon manata çatıb ki, onun da formalaşmasında manatın devalvasiyasının əhəmiyyətli rolu olub", - Qubad İbadoğlu bildirib.


Qaynar.info