Ekonomiks 16:16 02.04.2014

Qubada hava limanının tikintisi etiraz doğurub - FOTO

Üç kəndin sakinlərinə məxsus bağları buldozerlərlə kürüyürlər

Sakinlər ildə 15 min manat gəlir götürdükləri bağların qəpik-quruşla əllərindən alındığını bildirirlər

"Bağ əldən çıxır, meyvə əldən çıxır, iş-güc əldən çıxır, dolanışıq ələn çıxır. Heç bilmirəm nə edim, hara gedim", - deyir Qubanın Davudoba kənd sakini Əmirşah Daşdəmirov. Qubada yeni tikiləcək olan hava limanı Davudoba, Hacıqayıb, Ərməkiqışlaq kəndlərinin ərazisinə düşür. Sakinlər onların icazəsi olmadan torpaqlarına soxularaq tikinti aparılmasına qarşıdır. Deyirlər öncə izin istəsinlər, normal kompensasiya versinlər, sonra nə istəyirlər tiksinlər. 

"Ancaq yox, kimdi bizi sayıb, fikrimizi soruşan? Bircə onu deyiblər ki, bağ torpaqlarınızda hava limanı tikirik. Ancaq indiyə qədər nə aeroport tikən orqanın, nə tikinti aparan şirkətin bir nümayəndəsi bizimlə danışıb. Kənd sakinlərini yığıb hər hansı iclas keçirməyiblər. Ondan-bundan eşitdiklərimizi nəzərə almasaq, heç nə tikildiyini də bilməyəcəyik. Bircə görürük ki, camaatın örüş, əkin-biçin sahələrini buldozerin altına verib, düzlədilər ki, tikinti aparırıq", - deyir Əmirşah Daşdəmirov.

Qubada vətəndaşların pay torpaqlarında yeni hava limanı tikilir...

Yeni tikilən hava limanı Qubanın çaykənarı və bağ sahələrini əhatə edən 600 hektardan çox ərazini əhatə edəcək. Quba Rayon İcra Hakimiyyətinin I-ci müavini Yusif Abidov mətbuata açıqlamasında deyib ki, layihənin şimal bölgəsində harada tikiləcəyi bəlli deyildi. İndi artıq yeni hava limanının Quba ərazisində olacağı təsdiqlənib: "Paytaxtdan mütəxəsislər dəvət olunub. Bu hava limanı şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayələrin yatırılması baxımından böyük iş yerlərinin açılması deməkdir. 600 hektar ərazidə tikiləcək aeroport həmin ərazidə olan bağ sahiblərini narahat etmir, əksinə onlar da bu böyük aeroportun tikilişindən razılıq edirlər".

İcra hakimiyyəti nümayəndəsi razı, vətəndaşlar narazı...

İcra nümayəndəsi sakinlərin razı, sakinlər isə həm icradan, həm də bələdiyyədən narazı olduqlarını deyirlər: "Bilirlər ki, ərazi bizim pay torpaqlarımızdı. Ancaq iş başlayıb, bizimlə danışan yoxdur. Camaat da bunu görüb həvəsdən düşüb. Kimsə bağında əkin-biçin eləmir. Birdən əziyyətimiz yerdə qaldı? Onda necə olacaq? Deməyim odur ki, bizi məlumatlandırmayıblar. Aeraportu "Azvirt" şirkəti tikir. Heç bizimlə maraqlanmır ki bu ərazidə bağlar var axı. Onların sahibləri narahatdır, ya yox. Bələdiyyə və icra hakimiyyətindən nümayəndələr gəlib. Deyirlər filan qədər pul verirlər sizə. Biz heç o pulla da razı deyilik. Anlamadığım odur ki, "Azvirt" şirkəti tikinti aparırsa, bəs, danışıqları niyə icra hakimiyyətinin nümayəndələri edir", - bu sözlər isə Davudoba kəndinin sakini Elçin Qubadova aiddir. 

"Nə aeraport istəyirik, nə də kompensasiya..."

Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndə gələrək sakinlərlə görüşüblər. Onlar plana düşən ərazilərin müqabilində sakinlərə pul təklif ediblər. Boş ərazilərin sotuna 80, bağ sahəsinin sotuna isə 150 manat. Ancaq sakinlər 20 il ərzində saldıqları bağ sahəsinin sotuna ödənəcək olan 150 manatla razı deyillər. Deyirlər bağdan ildə 15000 manat götürürlər. Bu onları qane edir. Nə aeraport istəyirlər, nə də kompensasiya...

"Şəhər yerində torpağın sotu 10 min manatdır. Ancaq bizim torpaqların sotuna 80-150 manat təklif edirlər. Qiymət çox aşağıdır, biz razı deyilik. Odur ki, biz burada aeraportun tikilməsinə qarşıyıq. Bütün ehtiyaclarımızı bu torpaqlarla ödəyirdik. Mal-heyvan saxlayırıq, örüş sahələridir. Əkib-becərib məhsulumuzu satıb, ailəmizi dolandırırıq. Bəs, mənim və bütün burada torpaqları əllərindən alınan şəxslərin ailələrini kim dolandıracaq? Niyə bizi kasıb vəziyyətə salırlar? Məqsədləri, istəkləri nədir? Deyək ki, bizə 15 min verdilər. Bir illik qazancımızı. Bəs, sonrakı illər? O zaman nə edəcəyik?", - kənd sakini Orucəli Təcimov belə deyir. 

"Tikən, tikdirən bəlli deyil, bizimlə heç nə danışmayıblar"

Hava limanının Davudoba kəndi ərazisinə düşən hissəsində 60-70 nəfər sakinin pay torpağı var. Bu pay torpaqları da kənd sakinlərinin 20 illik bağıdır. Sakinlər deyir bu ərazilər onlara veriləndə burada heç bir dənə olsun ağac yox imiş. Ancaq indi...

"İndi əkib-becərmişik. Meyvə bağı salmışıq. 15 ildir bəhrəsini gözləyirdik. Nəhayət bu il meyvə olacağını gözləyirdik ki, başımıza bu oyunu açdılar, torpaqlarımızda hava limanı tikirlər. Üstəlik, buna görə bizə adam ağıllı bir məbləğ də ödəmirlər. Tikən, tikdirən bəlli deyil. Gəlib bizimlə heç nə danışmayıblar. Bircə, icra hakimiyyəti və bələdiyyə işçiləri gəlib, şifahi qiymətlər deyiblər. Onunla da razı deyilik. Açıq sahənin hektarına 8, bağ sahəsinin hektarına isə 15 min təklif edirlər. Bu da bizi qane etmir. İllərdir əkib-becərmişəm, əziyyət çəkmişəm. Bunun torpağı qalsın bir yana, hər ağacına qiymət verməlidirlər. Ancaq bunun əvəzinə, təhqir edirmiş kimi torpaqlarımızda tikintiyə başlayıblar, bizə heç nə demədən", -  kənd sakini Əkbər Aslanovun sözləridir.  

"Prezident o torpağı bizə bəxşiş verib ki, ailəmizi dolandıraq, indi hansısa bir şirkət əlimizdən alır"

Hava limanı Hacıqayıb, Ərməkiqışlaq və Davudoba kəndlərinin ərazisinə düşür. Bilirsiniz buralar necə mənzərəli yerlər idi? Göl, gölün ətrafında yaşıllıq, ağaclar kollar... İndi hamısını söküb-dağıdıblar. Daha dəqiq desək təbiəti zorlayıblar, təcavüz ediblər... Nədi ki, aeraport tikirlər.   

Bununla bağlı prezidentə də məktub yazacağıq. Onu məlumatlandıracağıq ki, bizi saymırlar. Bəlkə də şirkət nümayəndəsi harasa gəlib-gedir ancaq biz görməmişik. Əsas məsələ razılığımızı almalıdırlar. Cənab prezident o torpağı bizə bəxşiş verib ki, ailəmizi dolandıraq. İndi hansısa bir şirkət əlimidən alır. Deyirlər mənim torpağımın olduğu yerə ofislər düşəcək. Şəhərdə camaatın 1 sot torpağına 10 min pul verilir. Burada bizim 1 sot torpağımıza 150 manat verirlər. Bizə bir illik pulumuzu verirlər. O biri illər nə edəcəyimizi bilmirik. Bağdan ildə 15000 manat götürəcəkdiksə, bunu bizə bir il verəcəklər. Qalan illər neyləyəcəyik? Bəs mal-heyvanımızı necə saxlayacağıq. Deyək ki, bizə uzaqdan torpaq verdilər. Onda biz necə hər gün uzağa gedib-gəlib mal-heyvana baxacağıq? 

Azvirt MMC: "Biz işimizlə bağlı kimsəyə məlumat vermirik"

Tikinti ilə bağlı məlumat almaq üçün "Azvirt" MMC ilə əlaqə saxladıq. Şirkətdən "biz işimizlə bağlı kimsəyə məlumat vermirik", - cavabını verdilər. Quba Rayon İcra hakimiyyətinin sənədlərlə və vətəndaşların şikayətləri ilə bağlı iş şöbəsinin müdiri Vüqar Rəşidov Bizimyol.info-ya hazırda aeraportun tikintisi ilə bağlı iş getdiyini dedi: "Tikintini dövlət həyata keçirir. Necə ola bilər ki, kənd camaatına kompensasiya verilməsin? Sizcə bu normaldır? Dövlətin o boyda layihəsidir. Burada kimsə narazı qalmayacaq. Sadəcə orada müəyyən problemlər var. Onlar da yoluna qoyulacaq. Rayon icra başçısının sərəncamı ilə komissiya yaradılıb və həmin komissiya problemlərin həlli istiqamətində işlər aparır".    

Bölgələrdəki hava limanı tikintilərinə son illər investisiya xərcləri çərçivəsində xeyli vəsait ayrılıb. Qəbələdə hava limanının tikintisinə 80 milyon, Gəncə aeroportunun müasir standartlar səviyyəsində yenidən qurulmasına 39.5 milyon, Lənkəran hava limanının tikintisinə 51.5 milyon, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon manat xərclənib. Bəs, Quba aeraportu? Nə dövlət büdcəsində, nə də investisiya xərcləri istiqamətində ayrılan vəsaitlərin sırasında Quba aeraportunun adı yoxdur. Bircə, o bəllidir ki, tikintini "Azvirt" MMC aparır. 

"Bizimyol" qəzeti