Foto 17:34 08.04.2018

Qubada buzov kanala düşdü, çıxartmaq istəyən iki nəfər suda batdı (YENİLƏNİB/FOTOLAR)

Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunlar rayonun Gədikqışlaq kənd sakinləri olan Vidadi MehrəliyevSəhrab Seyfulovdur.

Onların cəsədləri ailələrinə təhvil verilib.

***16.47
 
Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron su kanalında batmış iki nəfərdən birinin meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, meyiti çıxarılan şəxs rayonun Gədikqışlaq kənd sakini Vidadi Mehrəliyevdir.

Səhrab Seyfulovun meyitinin kanalın dibindən çıxarılması istiqamətində iş aparılır.

***15.55 
 
Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Artıq Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.