Siyasət 13:02 05.04.2013

Qüdrət Həsənquliyevdən yeni komitə təklifi

Azərbaycan Milli Məclisinin büdcə və büdcəyə nəzarət komitəsinin yaradılması təklif olunub.

APA-nın məlumatına görə, bu təkliflə parlamentdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

O qeyd edib ki, büdcə Milli Məclisdə təsdiqlənir və onun necə bölüşdürülməsinə də Milli Məclisdə qərar verilir: “Ona görə parlament büdcənin necə xərclənməsinə nəzarət etməlidir. Bunun üçün Milli Məclisdə Büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Parlament zərurət yarandığı hallarda müstəqil audit şirkətləri ilə müqavilə bağlayaraq vəsaitlərin necə xərclənməsini yoxlamalı və qərar verməlidir. Bununla parlament korrupsiyaya qarşı mübarizə işinə də töhfə vermiş olar”.

Q. Həsənquliyev həmçinin deyib ki, Hesablama Palatasının illik hesabatında kifayət qədər büdcə vəsaitinin mənimsənilməsi faktları qeyd olunub: “Bu qanun pozuntularına yol verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cəza başqalarının həmin cinayəti etməkdən çəkindirməlidir”. 

Spiker Oqtay Əsədov bu çıxışa münasibət bildirərək deyib ki, cinayət işi qaldırmaq Hesablama Palatasının işi deyil.

Qaynar.info