ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının ardından Təl-Əvivdəki ABŞ səfirliyi sabah Qüdsə köçürüləcək.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən şəhərdə gərginlik artıb. Səfirliyin köçürüləcəyi küçəyə İsrail və ABŞ bayraqlarının asılması ilə yanaşı, "Sionistləri dostu Tramp", "Tramp İsraili böyük etdi" yazılı plakatlar da yapışdırılıb.

İsrail polisi Qüdsdəki yeni səfirlik binasının yerləşdiyi küçəyə əlavə qüvvələr yerləşdirib.

Digər tərəfdən Trampın qızı və kürəkəni də sabahkı açılışda iştirak etmək üçün İsrailə gəliblər.

Trampın tədbirə videokonfrans vasitəsilə qatılacağı gözlənilir.

Tədbirlə əlaqədar olaraq müsəlmanların yaşadığı Şərqi Qüdsdə və Qəzza bölgəsində aksiyaların olacağı, həmçinin Qəzzadan Qüdsə yürüş təşkil ediləcəyi gözlənilir.