Siyasət 18:50 16.07.2013

" İbrahimbəyovun namizədliyi qeydə alına bilməz" -YAP rəsmisi

“Həm Seçki Məcəlləsi, həm də Konstitusiyamıza əsasən, bu gün Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi qeydə alına bilməz”.

Bunu Milli Şuranın prezidentliyə namizəd elan etdiyi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı Azərbaycanda hüquqi müstəvidə hər hansı problemin olmadığını bəyanlaması ilə bağlı Lent.az-ın suallarını cavablandıran Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov söyləyib.

Siyavuş Novruzov deyib ki, Rüstəm İbrpahimbəyovu bir bələdiyyə nümayəndəsinə də alternativ saymırlar, çünki o, bələdiyyə üzvü də seçilə bilməz: “Amma qanunun aliliyi hamı üçündür.  Birincisi, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürülməyib. Seçki Məcəlləsinin 53 və 54-cü maddələrinə uyğun olaraq, namizəd o vaxt irəli sürülə bilər ki, ya namizəd təşəbbüs qrupu yaradaraq namizədliyini irəli sürür, ya da siyasi partiya və siyasi partiyalar bloku tərəfindən namizəd irəli sürülə bilər. Milli Şura qeyri-hökumət təşkilatıdır, həm də qeydiyyatdan keçməmiş qeyri-hökumət təşkilatıdır. Milli Şuranın prezidentliyə namizəd irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Əgər oradakı partiyalar Rüstəm İbrahimbəyovun namizədliyini istəyirlərsə, hər partiya özünün rəhbər orqanının toplantısını, ya qurultayını, ya Divanının toplantısını keçirməli, bütün partiya üzvlərinin razılığı əsasında qərar qəbul etməlidir. Partiyalar Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdükdən sonra bir də toplantı keçirərək blok yaratmalıdırlar. Blok yaratdıqdan sonra Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülmüş hesab olunur”.

Siyavuş Novruzov bildirib ki, Konstitusiyanın 100-cü maddəsinin 4 bəndinə əsasən, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması qeyri-mümkündür: “Birincisi, ikili vətəndaşlıqla bağlıdır. Rüstəm İbrahimbəyov indi deyir ki, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət elib. Amma əslində vətəndaşlıqdan çıxma proseduru 6-7 ay ərzində baş verir. Çünki Rüstəm İbrahimbəyov müxtəlif instansiyalara müraciət etməli, həmin instansiyalar buna baxmalıdır. Son anda da Rusiya prezidenti onu vətəndaşlıqdan məhrum edə bilər. İkincisi, Konstitusiyaya görə, prezidentliyə namizədin müxtəlif ölkələr qarşısında öhdəlikləri olmamalıdır. Rüstəm İbrahimbəyovun Rusiyada müxtəlif öhdəlikləri var. Rusiyanın vətəndaşı olduğu üçün avtomatik olaraq həm siyasi, həm iqtisadi, həm də digər öhdəlikləri var. Bu öhdəliklərlə bağlı da Rüstəm İbrahimbəyov təxminən Rusiyanın ayrı-ayrı 23-25  strukturuna müraciət etməlidir. Həmin strukturlar da Rüstəm İbrahimbəyova cavab verməlidir ki, onun bu strukturlar qarşısında öhdəliyi yoxdur. Üçüncüsü, Konstitusiyada 10 il Azərbaycan ərazisində daimi yaşamaqdan söhbət gedir. Rüstəm İbrahimbəyov Azərbaycan ərazisində 10 il daimi yaşamayıb. Özü də etiraf edir ki, Rusiyanın hansısa universitetində professordur, orada çalışır. Professor kimi çalışır, universitetdə əməkhaqqı alırsa, o necə Azərbaycanda daimi yaşaya bilir? Həm də Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı varsa, Azərbaycanda 10 il daimi yaşaya bilməz, çünki digər ölkə qarşısında da öhdəliyi var”.

Siyavuş Novruzov qeyd edib ki, Rüstəm İbrahimbəyovla bağlı  vergidən yayınma, əmlakın aldadılma ilə əldə olunması  məsələsi də var. Konstitusiya cinayətə yol verən şəxsin prezidentliyə namizədliyinə də yol vermir: “Bütün bunları nəzərə alsaq, həm Seçki Məcəlləsi, həm də Konstitusiya Rüstəm İbrahimbəyovun namizəd kimi qeydə alınmasına yol vermir”.

Qaynar.info