İdman 09:34 19.03.2014

"Aslan" Avropadan getdi, "Kral" yoluna davam etdi - VİDEO


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdirilib. Qaynar.info xəbər verir ki, bu gecə daha iki 1/4 finalçı müəyyənləşib.

"Qalatasaray" Londonda "Çelsi"nin qonağı olub. Bu komandalar arasında İstanbulda baş tutan oyun 1:1 hesabı ilə yekunlaşmışdı. "Stamford Bric"dəki qarşılaşmada isə "Çelsi" 2:0 hesabı ilə qazanıb. 4-cü dəqiqədə Samuel Eto`O Oskarın ötürməsini qola çevirərək hesabı açıb. 42-ci dəqiqədə isə Hari Kahill matçın ikinci və sonuncu qoluna imza atıb. Bununla da "Çelsi" 1/4 finala vəsiqə əldə edib. "Qalatasaray"ın isə bu mövsümlük Avropa macərası başa çatıb.

Günün digər oyununda isə "Real" "Şalke 04"ü qəbul edib. Bu komandalar arasında Almaniyada baş tutan ilk oyunda "Kral Klubu" 6:1 hesablı qələbə qazanmışdı. Madrid təmsilçisi evdəki matçda da rəqibinə şans verməyib - 3:1. Hesabı 21-ci dəqiqədə Qaret Beylin ötürməsini qola çevirən Kriştiano Ronaldo açıb. Cəmi 10 dəqiqə sonra Tim Hooqland bərabərliyi təmin edib. 74-cü dəqiqədə Ronaldo dublunu rəsmiləşdirib. Bir dəqiqə sonra Alvaro Morata "Real"ın üçüncü qolunu vurub.

Qeyd edək ki, 1/4 finalın 4 iştirakçısı ötən həftə müəyyənləşib. "Barselona" "Mançester Siti"ni (2:0, 2:1), PSJ "Bayer"i (4:0, 2:1), "Bavariya" "Arsenal"ı (2:0, 1:1), "Atletiko" isə "Milan"ı (1:0, 4:1) mübarizədəni kənarlaşdıraraq mərhələ adlayıb. 1/8 finalın son iki matçı bu gün baş tutacaq: "Borussiya" - "Zenit" (ilk oyun - 4:2), "Mançester Yunayted" (ilk oyun - 0:2).

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

18 mart

Çelsi (İngiltərə) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Samuel Eto`O, 4. Hari Kahill, 42.

Real (İspaniya) - Şalke 04 (Almaniya) 3:1
Qollar: Kriştiano Ronaldo, 21; 74. Alvaro Morata, 75 - Tim Hooqland, 31.