Xəbər lenti

"Azərbaycan öz tranzit imkanlarını əldən verir" - Ekspert
Ekonomiks 16:20 18.02.2016

"Azərbaycan öz tranzit imkanlarını əldən verir" - Ekspert

"Gözlə görünən budur ki, Azərbaycan öz tranzit imkanlarını əldən verir".

Bu sözləri Qaynar.info-ya iqtisadçı-ekspert Azər Mehdiyev Gürcüstanın İrandan hansı tranzit marşurut xətti ilə qaz nəqli edəcəyinə münasibət bildirərkən deyib.

Azər Mehdiyevin sözlərinə görə, Azərbaycanın öz ehtiyatları ilə Gürcüstanı kifayət qədər qazla təmin etmək imkanları var: "Gürcüstan Azərbaycanın əsas qaz bazarlarından biridir. Sadəcə bu danışıqlar qaz bazarlarının tutulması uğrunda bir mübarizədir. Gürcüstan Azərbaycanın kifayət qədər qaz verə bilməməsini əsas gətirərək, həm də öz qaz bazarını yalnız Azərbaycandan asılı etməmək üçün, bazarda şaxələnməni təmin etmək üçün İrandan qaz almaq qərarına gəlib.

Azərbaycan bu perspektivi də nəzərdən keçirməliydi. Ən azı Gürcüstana çatacaq qazın, Azərbaycan ərazisi vasitəsiylə daxil olmasını təmin etmək üçün addımlar atmalıydı. Azərbaycan danışıqlar prossesində mövqeyini cəmiyyətə tam açıqlamır. Bilinmir hansı mövqedən çıxış edir. Prosseslərə strateji yanaşma görünmür. Azərbaycan bu danışıqlarda, hətta müəyyən qədər qiymətləri aşağı salmaqla da Gürcüstanın istəklərinə cavab vermək istəyir. Ancaq heç vaxt nəzərə almır ki, Gürcüstan özlüyündə yalnız bir ölkədən asılı olmaq istəmir, o şaxələnməni təmin etmək istəyir. İstənilən halda bir ölkədən asılılıq, yaxşı olmayan nəticələrə aparıb çıxara bilər. Təzyiq vasitəsinə çevrilə bilər. Bu baxımdan hardasa Gürcüstanın istəklərini başa düşmək olar. Ancaq bu mərhələdə İrandan Gürcüstana qaz gedəcəksə, o qazın Ermənistandan deyil, Azərbaycandan keçməsi üçün, hökümət kifayət qədər addımlar atıbmı? Biz bu addımlardan xəbərdar deyilik. Bu istiqamətdə görülən işlər göz önündə olmadığından, biz onu qiymətləndirə də bilmirik. Ancaq gözlə görünən budur ki, Azərbaycan öz tranzit imkanlarını əldən verir. Bu məsələ də təkcə qaz ehtiyacı məsələsi deyil, həm də bu cür danışıqlara Azərbaycanın strateji yanaşmasının olmaması diqqət mərkəzində olmalıdır".

Ekspertin fikirincə, bu gün neftin və qazın tranzit olunması həm iqtisadi, həm siyasi, həm də digər amillərin nəzərə alınmasını tələb edir: "Təbii ki, iqtisadi baxımdan bu qaz kəmərinin keçəcəyi relyef, məsafə çox önəmlidir. Ancaq, burda siyasi amillər də önəmli rol oynayır. Bu baxımdan Gürcüstanla İran arasında müqavilə bağlanmasında hələ ki, marşurut məsələsi tam dəqiqləşməyib. Bu istiqamətdə araşdırmalar gedəcək. Həm İran, həm Gürcüstan özləri üçün iqtisadi baxımdan sərfəli olan marşurutu müəyyən etməyə çalışacaqlar.  

Ancaq burda siyasi amillər də mütləq nəzərə alınacaq. Bu mərhələ üçün Azərbaycanın da təklifləri olmalıdı. Təkliflər həm iqtisasdi baxımdan, həm relyef və siyasi baxımdan Azərbaycana müəyyən üstünlüklər verə bilən və bu marşurutun məhz Azərbaycandan keçməsini təmin edən bir variant olmalıdır. İrandan Gürcüstana qaz getməsi o iki ölkənin deyil, həm də Azərbaycan hökümətinin  marağında olan bir məsələ olmalıdır. Bu istiqamətdə tədbirlər görülməlir. Biz onlara nə təkliflər edirik və bu təkliflər ortada olmalıdır".

Xatırladaq ki, Tehran və Tiflis arasında Gürcüstana 200 milyon kub metr qazın nəql olunmasına dair danışıqlarlar başa çatıb. Gürcüstana qazın mart ayının 21-dən nəql olunacağı gözlənilir. Milli İran Neft Şirkətinin baş direktoru Əlirza Kameli bildirib ki, qazın Gürcüstana nəqli Ermənistan üzərindən icra olunacaq. Amma Gürcüstan tərəfi tranzit ölkə ilə bağlı konkret ad açıqlamayıb.

Qafqaz Rafiqolu

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->