Ekonomiks 19:22 04.04.2013

"Azercell" Azərbaycanın növbəti qlobal marketinq tədbirini təqdim etdi

Aprelin 4-5 də Azərbaycanda qlobal biznes "Marketing Kingdom Baku" konfransı baş tutub. Toplantıya dünyanın ən böyük marketinq ekspertləri daxil olmaqla 200-dən çox iştirakçı qatılıb. Tədbirdə sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyaları araşdırılıb.

"P World" şirkətinin təşkilatçılığı və "Azercell Telekom" MMC-nin platinium sponsorluğu ilə baş tutan ikigünlük tədbirdə Londonda keçirilən 2012 Yay Olimpiya Oyunları, Lego Group, SAP, Novartis, Coca Cola Hellenic, Yahoo! və digər şirkətlərin marketinq direktorları təqdimatla çıxış ediblər.

Baş ofisi Dubayda yerləşən "P World" şirkətinin qlobal baş icraçı direktoru Kosta Petrov konfransın açılışında Azərbaycanın marketinq cəmiyyətindən razılığını bildirib: "Əminik ki, "Marketing Kingdom Baku" yerli marketoloqlara gəlirli marketinq strategiyası qurmağa kömək edəcək. Biz Azərbaycanı regional marketinq mərkəzinə çevirmək məqsədilə partnyorlarımızdan olan Azercell-lə birlikdə çalışırıq".

"Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiridir. 2011-2012-ci illərdə tədbir Belqrad, Zaqreb, Sarayevo və Tbilisidə keçirilib. Bu illərdə konfransın 2000-ə yaxın iştirakçısı olub. 2013-cü il ərzində "Marketing Kingdom" Bakı ilə yanaşı, Qazaxıstan və Rusiyada da təşkil olunacaq. Azərbaycanda ilk dəfədir baş tutan bu tədbir qlobal marketinq strategiyalarının hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Konfrans platinium sponsor olan "Azercell Telekom" MMC ilə yanaşı, ölkənin bir sıra maliyyə və biznes qurumları tərəfindən dəstəklənir.

Qaynar.info