Ekonomiks 11:28 15.04.2014

"Azercell"dən tələbələrə şad xəbər

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan "Azercell" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yuxarı kurs tələbələrinin və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə Odlar Yurdu Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirində iştirak edib.

Şirkətdən Qaynar.info verilən məlumata görə, tədbirdə tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən "Azercell" bu dəfə də ənənəsinə sadiq qalıb.

Tədbirdə "Azercell"in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri "Azercell"də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılmışdır. Universitet məzunlarına "Azercell"də vakant yerlər haqqında da məlumat verilib.

Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən "Karyera günləri" təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, "Azercell"in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz "Azercell"dən əlavə təqaüd alırlar. Eyni zamanda "Azercell"in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə "Azercell" ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib.

2008-ci ildən bəri 108 nəfər gənc "Azercell" təqaüd və təcrübə proqramlarında iştirak edib, onlardan 9-u işə qəbul olunublar. Həmçinin "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz "Azercell"in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. "Azercell" bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Qaynar.info