İdman 19:55 25.02.2013

"Bakı"nın tarixində yeni rekord

Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə 12-ci bərabərliyini aldı.

Qaynar.info-nun PFL-in sayına istinadən yaydığı xəbərə görə bu, klubun tarixində rekord göstəricidir. “Bakı” adı ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb.

2007/08 və 2009/10 mövsümlərinin hərəsində 11, 2004/05 ilə 2010/11 mövsümlərində isə 10 dəfə heç-heçə edən komanda mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib. Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində 6-cı dəfədir ki, bir komanda ən azı 12 heç-heçə edir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və “Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib.

Mütləq rekord isə 2009/10 mövsümündə “Neftçi” tərəfindən müəyyənləşdirilib – 14 heç-heçə.

Qaynar.info