Siyasət 18:17 09.07.2013

"Baş prokurorun beynəlxalq hüquqdan xəbəri yoxdur"

Elçin Xalidbəyli: "Siyasi məzmunlu məsələlərin qaldırılması dövlətin siyasi rəhbərliyinə aid mövzudur"

Bir neçə gün əvvəl Ermənistan baş prokuroru Aqvan Ovsepyan Türkiyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib. Belə ki, erməni mediasında yer alan xəbərlərə görə Ovsepyan Türkiyədəki erməni kilsəsi və ərazilərini, həmçinin bir sıra “itirilmiş” torpaqları Ermənistana qaytarılmalı olduğunu deyib. 

Onun sözlərinə görə, Ermənistanın Türkiyə ilə yanaşı, Azərbaycanla da (Naxçıvan bölgəsi) ərazi problemi var və bununla bağlı Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Məhkəməyə müraciət olunacaq. 

"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Qaynar.info-ya açıqlamasında bildirib ki, Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın Türkiyə və Azərbaycana qarşı torpaq tələbi ilə çıxış etməsi absurd bir davranışdır: "Birincisi, bu adam hüquqşünasdır. Və beynəlxalq hüquq normalarından xəbərdar olmağa da borcludur. Ancaq belə anlaşılır ki, onun beynəlxalq hüquq normalarından qətiyyən xəbəri yoxdur. Çünki əgər xəbəri olsaydı, Türkiyənin və Azərbaycanın dövlət sərhədlərinin BMT tərəfindən tanındığını bilərdi və anlayardı ki, beynəlxalq hüquq normaları dövlət sərhədlərinin dəyişdirilməsini qəbul etmir, dövlətlərin ərazılərinin toxunulmazlığı prinsipini ön planda saxlayır. Deməli, Ermənistanda baş prokuror vəzfəsində savadsız adam fəaliyyət göstərir.

İkincisi, bu mövzudan olan məsələlər bir baş prokurora aid məsələlər deyil. Bir ölkənin baş prokurorun əsas vəzfəsi öz ölkəsində hüququn aliliyini qorumaqdır. Siyasi məzmunlu məsələlərin qaldırılması isə dövlətin siyasi rəhbərliyinə aid mövzudur. Deməli, bu adam öz işiylə məşğul olmur. Ermənistan kimi qondarma dövlətdən də bundan artıq nəsə gözləmək yersizdir.

Üçüncüsü, bu adam unudur ki, indiki Ermənistanın özü tarixi Azərbaycan torpaqları hesabına yaradılıb. Ermənistanın paytaxtı İrəvanın vaxtilə Azərbaycan xanlığı olduğunu bilmək üçün elə bir ciddi sübuta ehtiyac yoxdur. Elə o qədər də uzaq olmayan tarixə nəzər salmaqla bu həqiqəti görmək olar.

Dördüncüsü, Ermənistanın əlavə əraziləri nə edəcəyini anlamaq da çox çətindir. Çünki Ermənistan Azərbaycanın tarixi torpaqları hesabına ələ keçirdiyi ərazilərdən heç doğru-düzgün istifadə edə bilmir. Bir tərəfdən, Ermənistan Rusiyanın for-postuna çevrilərək, öz müstəqilliyini şübhə altına salıb. Digər tərəfdənsə, o ərazilərdə yaşayan erməni əhalisinin də ən adi ehtiyaclarını təmin edə bilmir. Ona görə də, ermənilər cürətlə Ermənistanı tərk edib, başqa ölkələrə mühacirət edirlər. Bu ilin əvvəlindən Ermənistanı yüz mindən artıq erməni tərk edib. Yəni Ermənistan böyük sürətlə boşalır. İndi əllərində olan Ermənistan ərazilərində insan çatışmazlığı yarandığı halda, yeni əraziləri bunlar nə edəcəklər, anlamaq çətindir. Ermənistan dövləti faktiki olaraq, məhv olub xəritədən silinmək təhlükəsiylə üzləşib, bunlar hələ də onun-bunun torpaqlarına tamah salmaqda davam edirlər. Yəni  Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın Türkiyə və Azərbaycana qarşı torpaq tələbi məntiqsiz və absurd bir iddiadır".

Qaynar.info 

Cavid