Siyasət 15:25 29.05.2013

"Biz həmişə ABŞ-ın yanında olmuşuq" - Millət vəkili

Azərbaycan çox vacib bir məkanda yerləşir. Dünyanın  müxtəlif yerlərindən gəlmiş qruplar bu məkanda yaşayıb, töhfələr veriblər.  Azərbaycanda  böyük alman icması yaşayır. Onların bir qismi  Böyük Vətən müharibəsindən sonra burada qalanlardır. Qaynar.info-nun verdiyi xəbərə görə, bunu "Azərbaycan-ABŞ: Gələcəyə baxış forumunda çıxış edən millət vəkili Asim Mollazadə söyləyib.

Onun sözlərinə görə, dünyada belə bir fikir var – sivilizasiyalar arası dialoq.  Azərbaycan  bunu tətbiq etməyə çalışıb və  bunun nümunəsini yaradıb.   “Cənubi Qafqaz iqtisadiyyatının 88 faizi Azərbaycanın payına düşür.  Böyük imperiyalar daim bu məkan uğrunda mübarizə aparıb.  Bura nəzarət etmək Avropa və Asiyaya nəzarət etmək deməkdir.  Bir çox Mərkəzi Asiya ölkələri  Azərbaycan vasitəsilə Avropaya çıxışlarını təmin edirlər. Avropa deyəndə biz təbii ki, Qərbi nəzərdə tuturuq. Bizim üçün insan haqları və demokratiya böyük məfhumlardır”, - deyə millət vəkili vurğulayıb.

O, həmçinin bildirib ki, yaxın gələcəkdə Çindən Aropaya qatarlar Azərbaycan ərazisi ilə hərəkət edəcək. Azərbaycan kosmosa peyklər buraxır ki, onlardan Avropa və Asiya dövlətləri də istifadə edəcəklər.

“Biz həmişə ABŞ-ın yanında olmuşuq. Bizim ABŞ-ın dəstəyinə ehtiyacımız var. Siz bizi dəstəkləyin ki, biz də tərəfdaşlarımızı dəstəkləyək.  Terrorla ancaq tank və mərmilərlə mübarizə aparmaq olmaz. Burada maarifləndirmə, gender bərabərliyi çox vacibdir.  Azərbaycan mütləq tərəqqiyə nail olacaq”.

Qaynar.info