Siyasət 10:54 10.05.2013

"Bu gün hakimiyyət dəyişikliyi qeyri-mümkündür" - Rəsul Quliyev

"Azərbaycanda kimlərsə heç bir əsası olmadan özünü ana müxalifət adlandırıb"

Azərbaycanın eks-spikeri, Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev ona ünvanladığı sualları cavablandırıb. Modern.az-ın məlumatına görə, R.Quliyev ilk öncə Azərbaycanda seçki ilinin olmasına baxmayaraq, müşahidə olunan durğunluğa toxunub, bunun səbəblərini izah etməyə çalışıb. O, həmçinin NİDA vətəndaş hərəkatı üzvlərinin həbslərindən və bu həbslərdən sonra müxalif düşərgədə yaranan durğun vəziyyətdən söz açıb:

“Yüngül bir tikinti də ucanda, zəif fundamenti dağıdır. Azərbaycan xalqı bir qədər fərqli xalqdır. Gələcəyi barədə fikirləşməyə yox, üstünlüyü daha çox bu gününə verir. Ona görə əcaib, “bu günümə də şükür” misalını böyük “müdrikliklə” tez-tez işlədir. Və bu, təəssüf ki, kütləvi xarakter daşıyır. Azərbaycanda kimlərsə heç bir əsası olmadan özünü ana müxalifət adlandırıb. Ancaq bir şeyi anlamalıdırlar ki, əgər özünü  ana müxalifət adlandırmısansa, deməli ölkədə baş verənlərə hökümət kimi cavabdehlik daşımalısan. İstənilən qurum əgər rejimlə mübarizəyə hazırlaşırsa, bir neçə məsələni dərindən bilməlidir. Bu mübarizənin əlifbasıdır və onu bilməmiş istənilən atılan addım qeydsiz, şərtsiz təslim olmaqla qurtaracaq. Bu həmişə belə olub və belə də olacaq.

İlk növbədə özünün real gücünün nədən ibarət olduğunu bilməlisən. Mətbuata söylənilən “bizim 15 mindən 50 minə qədər üzvümüz var” nağılları işləmir və heç vaxt işləməz. Gücün nədən ibarət olduğu təxminən məlumdur. Keçən il aktivliyin yuxarı olduğu bir zamanda icazə verilmiş mitinqlərə və 20 Yanvar, Xocalı qırğını ilə əlaqədar nümayişlərə gələnlərin sayı bunu müəyyənləşdirib.  Bakı şəhərində bir neçə partiyanın hər birinin orta hesabla 1000-dən çox aktiv dəstəkləyəni yoxdur və bu belədir. Rayonlarda bu rəqəm 10-50 arasında dəyişir. Və nəticədə respublika üzrə özünü müxalifət adlandıranların ümumi gücü 10 minə ancaq çatar”-deyə eks-spiker bildirib.

R.Quliyevin sözlərinə görə, Azərbaycanda müxalifətin hazırki gücü ilə hakimiyyət dəyişikliyi etmək qeyri-mümkündür.

“DİN-in azı 50 minlik ordusu, üstəgəl 40 minə yaxın polisi var - cəmi 90 min. Nazirliklər və komitələrin mühafizə və xüsusi polis dəstələri - azı 5 nazirliyi hesablasaq, 50 min. Deməli, protest mitinqləri təşkil etməklə seçkilərin qarşısını almaq istəyən müxalifətin 10 minlik gücünün qarşısına hökümətin bu gün heç bir zəhmət çəkmədən 170 min çıxarmaq gücü var. Belə bir qeyri-bərabərlikdən uzaq vəziyyətdə rəqibə qalib gəlmək mümkündürmü? Bəli mümkündür. Bu işi görmək üçün gərək heç olmazsa bir 100 insanın ağlında inqilab baş versin”-deyə qeyd edən sabiq spiker bəzi müxalifət liderlərinə də sataşıb:

“Yəni bu günkü “gəlin, seçkilərin saxtalaşdırılmasının qarşısını alaq, mən prezident olum, seçkilərdə iştirak etmək siyasi kapitalımdır, hələ imkan var, onsuz da əvvəl-axır bu hökümət yıxılacaq (bəlkə də qaytardılar prinsipi) onda hakimiyyət avtomatik mənə çatar, hələ gəncəm, müxalifətçiliyimi edib gözləyim, narazılıq artacaq, ortada heç kim qalmayacaq, onda hakimiyyətə gələrəm” kimi düşüncələrin heç birinin 1 faiz də perspektivi yoxdur. İnqilab beyinlərdən belə düşüncələri süpürüb atmalıdır. Əvəzində seçkilərin saxtalaşdırılmasının qarşısını almaq lazımdır ki, xalqın seçdiyi adam hakimiyyətə gəlsin, mənim hakimiyyətə gəlməyim yox, xalqın hakimiyyəti formalaşdırmağı əsasdır, builki seçkilər demokratiya üçün axırıncı şansdır, mübarizə isə olum-ölüm mübarizəsidir. Mübarizədə qələbənin mümkünlüyü bundan başlayır, düşünməliyik”-deyə R.Quliyev bildirib.

Qaynar.info