Siyasət 15:54 08.04.2013

"Bu, hakimiyyət-“El” qarşıdurması deyil”

“Günün sonuna yaxın bəyanatla çıxış edəcəyik. Bəyanat təkcə ofislə bağlı deyil, həm də “El”in nümayəndələrinə təzyiqlə bağlıdır”.

Bu barədə Qaynar.info-ya "El Hərəkatı" təşəbbüs qrupunun üzvü Zəfər Quliyev məlumat verib. 

O bildirib ki,  “El”-in nümayəndələrinə rayonlarda görüşlər keçirməyə imkan verilmir: “Demək olar, belə çətinliklərlə biz hər gün üzləşirik. Hərakatın 10-dan artıq üzvləri işdən qovulublar, ailə üzvlərinə təzyiqlər edilir. Bu təzyiqlər bizi yolumuzdan çəkindirə bilməyəcək. Bu gün idarə heyətinin toplantısı olacaq və bəyanatla çıxış edəcəyik. Azərbaycan proseslər bir-biri ilə bağlıdır. Buna “El” hakimiyyət qarşıdurması demək olmaz. Məsələlərə ümumi siyasi konteksdə yanaşsaq, bizim müttəfiqlər-müxalifətin aparıcı partiyaları, cəmiyyətdir. Bunlar  fəal olsalar, bir-birlərinə həmrəylik nümayiş etdirsələr, mənə elə gəlir ki, bu çətin dövrü uğurla başa çatdıra bilərik”.

Z.Quliyev əlavə edib ki, heç bir qurum, təşkilat Azərbaycanda mövcud olan vəziyyəti dəyişə bilməz: “Nəzərə alsaq ki, bu hakimiyyətə qarşı böyük narazılıq var, bu zaman deyə bilərik ki, cəmiyyət bütün etiraz edən qüvvələri dəstəkləyir. Bu baxımdan El Hərəkatı da tək deyil, demokratik düşərgə getdikcə genişlənir. Subyektiv olaraq deyirəm ki, biz bu repressiyaların qarşısında dayana biləcəyik. Deyim ki, hakimiyyət təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində təzyiqlərlə üz-üzə qalır. Yəni heç bir qərb ölkəsi indiki hakimiyyəti dəstəkləmir. Hakimiyyətin demokratiya düşərgəyə qarşı atdığı addımlar onun böhranlı bir vəziyyətə düşməyindən xəbər verir. Əslində, bu, aqoniyanın elementləridir. İndiki mərhələdə demokratiyanın perspektivinə nikbin baxıram”.

İlkin
Qaynar.info