Sənət 13:17 27.05.2014

"Camaatın pulundan sizə nə?" - "Toy gecəsi" ilə bağlı müəmma

ATV-də yayımlanan və qısa müddətdə böyük tamaşaçı kütləsinin marağına səbəb olan “Toy gecəsi” bədii televiziya serialı ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. 

Belə ki, ən reytinqli serialın çəkilişinin digərləri ilə müqayisədə daha az seriyayla yekunlaşması ciddi suallar doğurub.

Qaynar.info-ya daxil olan məlumata görə, filmin 36 bölümlə bitməsi narazılıqla qarşılanıb. Ən baxımlı serialın 36, ondan az baxılan və reytinqdə aşağı olan serialların isə 40-45 bölüm çəkilməsi, doğrudan da, bəzi müəmmalara yol açır. 

İlkin iddialar görə serialın 36 seriya çəkilməsi maliyyə sıxıntıları ilə bağlıdır. Maraqlı məqamlardan biri də odur ki, serialın çəkilməsində iştirak edən şəxslərin nə qədər əməkhaqqı alması da açıqlanmır. Digər seriallarda olduğu kimi, burada da "qara siyahı"nın olduğunu iddia edənlər var. 

Bir çox iştirakçının isə əməkhaqqı ala biməməsi də söylənilir. Həmçinin serialın çəkilməsi üçün ayrılan maliyyə vəsaiti ilə bağlı da fikir ayrılıqları mövcuddur. 

Mənbə bildirir ki, Milli Teleradio Şurası filmə 18 min, ATV kanalı 12 min, rejissor Yaşar Əhmədov isə 8.5 min manat vəsaitin ayrıldığını deyib. 

Qeyd edək ki, ötən il aprel ayının 4-də prezident İlham Əliyev milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə sərəncam imzaladı. 

Sənədə əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrıldı. Bu isə yerli serial və filmlərin çəkilməsi ilə bağlı dövlətin verdiyi ilk dəstək deyil. 

Yəni ötən illərdə dəfələrlə bu kimi sənədlər imzalanıb. Maraqlıdır ki, indiyə qədər bu pullardan hansı seriala nə qədər ayrıldığı, aktyorların nə qədər əməkhaqqı aldığı niyə açıqlanmır? “Kommersiya sirri” adı altında gizlənən bu söhbətlər nəhayət ki, kiminsə, daha doğrusu, kimlərinsə şəxsi maraqlarının qurbanı olub.

Mövzu ilə bağlı "Toy Gecəsi" teleserialının rejissoru Yaşar Əhmədovla əlaqə saxladıq.

O, Qaynar.info-ya suallarına cavab verərkən filmlə bağlı iddiaları qəbul etmədi: 

- Yaşar müəllim, niyə ən reytinqli serialınız - "Toy gecəsi" 36 bölüm, ondan az reytinqi olan filmlər isə 40-45 bölüm çəkilir?

- Bu film ATV-nin layihəsidir. Filmin 36 bölüm çəkilməsi elə də ciddi bir problem deyil. Bu mövsümlə bağlıdır. İşlərimiz isə davam edir. 

- 45 bölüm çəkilən filmlər üçün ayrı mövsüm var? Yoxsa, onların çəkilişi zamanı mövsüm uzanır?

- O, mənim problemim deyil. 

- Bəs kimin problemidir?

- Deyə bilmərəm.

- Bəlkə, maliyyə problemi ilə əlaqədardır?

- Düşünmürəm. Elə bir problemimiz də yoxdur. 

- Deyə bilərsiniz, bu filmin çəkilşi üçün nə qədər vəsait ayrılıb?

- Yox deyə bilmərəm, bu kommersiya sirridir. Kim öz kommersiya sirrini açıqlayır? Bu, ədəbsizlikdir. 

- Söhbət Prezidentin 2013-cü ilin 4 aprel sərəncamı ilə ayrılmış 6 milyon manat vəsaitdən gedirsə, bununla bağlı açıqlama da olmalıdır.

- Mən maliyyə məsələləri ilə bağlı heç bir açıqlama vermirəm. 

- Amma deyirlər ki, filmə ayrılan pulla bağlı fərqli rəqəmlər var. Məsələn, Teleradio şurası bu məbləğin 18 min, ATV 12 min, sizə çatanın isə 8.5 min manat olduğu deyilir? 

- Kim verib bu informasiyanı sizə? Onu deyən səhv edir! İkincisi də, mən sizə niyə deməliyəm ki, nə qədər pul ayrılıb? 

- Filmdə iştirak edən aktyorlara nə qədər əməkhaqqı verilirdi? 

- Siz camaatın pulu ilə niyə maraqlanırsınız? Mən necə deyim ki, filan aktyor bu qədər maaş alıb. Axı bu, tərbiyəsizlikdir! Kim zəng edirsə, "nə qədər pul verilib, nə qədər pul xərclənib" deyir. Gedin aktyordan soruşun. Camaatın pulundan sizə nə? 

- Biz camaatın pulu ilə deyil, dövlətin ayrıdığı maliyyə vəsaitinin xərclənməsi ilə maraqlanırıq. Bu, dövlətin puludur. 

- Mən bu suala cavab verə bilmərəm. 

- Maaşları necə verirdiniz, əmək müqaviləsi bağlanmışdımı? 

- Bəli, əmək müqaviləsi bağlanıb. 

- İddia edirlər ki, maaşların verilməsində də problem var.

- Belə bir problem yoxdur, hamısını ödəmişik. Kimin şikayəti varsa, buyursun. 

Qaynar.info