Sənət 17:06 04.08.2014

"Əhmədə deyin ki…" filminin təqdimatı keçirilib

Mətbuat Şurasının «Bitməyən müharibənin qəhrəmanları» layihəsi çərçivəsində hazırlanan "Əhmədə deyin ki…" filminin Cəlilabadda təqdimatı keçirilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, film Azərbaycan Mətbuat Şurasının «Bitməyən müharibənin qəhrəmanları» layihəsi çərçivəsində ərsəyə gəlmiş ikinci sənədli filmdir. 

«O - film» studiyasının lentə aldığı, Milli Ordumuzun zabiti, Qarabağ uğrunda döyüşlərdə həyatını qurban vermiq Əhməd Abdullayevdən bəhs edən «Əhmədə deyin ki…» filminin təqdimat mərasiminə toplaşanların bu mənada keçirdikləri hisslər anlaşılan olub. Ötən cümə günü Cəlilabad Rayon İcra Hakimiyyətində baş tutan tədbirə şəhidin doğmaları, Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturunun və ictimaiyyətin nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açıb. O, xalqımızın qəhrəmanlıq tarixində cəlilabadlıların yeri və rolundan danışıb. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, vətənpərvərlik tarixən hər bir xalqın əbədi daşıdığı müqəddəs ideyadır. 

Şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev oğlunun xatirəsini yaşadan sənədli filmin yaradıcılarına ailəsinin və bütün cəlilabadlıların təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının «Bitməyən müharibənin qəhrəmanları» layihəsi çərçivəsindəki ilk filmi Cəlilabaddan olan şəhid Fərid Əhmədova həsr olunub.