İdman 12:53 26.10.2013

"El Klasiko" zamanı

Bu gün bütün dünyanın gözü İspaniyada olacaq. Fanat.az xəbər verir ki, La Liqada mövsümün ilk "Barselona" - "Real" qarşılaşması baş tutacaq. Barselonadakı "Nou Kamp" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Futbolsevərlərin maraqla gözlədiyi "El Klasiko" öncəsi yenə hər iki komandanın əsas ulduzları - Lionel Messi və Kriştiano Ronaldo ön plandadı. "Real"a qarşı oynadığı 25 matçda 18 qol vuran Messi bir dəfə də fərqlənəcəyi halda "El Klasiko" tarixində ən çox qol vuran futbolçu olacaq və rekordu "Real"ın əfsanəsi Alfredo Di Stefanodan alacaq. 

Argentinalı ulduz cari mövsümdə oynadığı 11 matçda 12 qol vurub. "Barselona"nın bu mövsüm keçirdiyi 14 oyunun yalnız 6-da 90 dəqiqə meydanda olan Messi hazırki durumda 65 dəqiqədən bir rəqib qapısına yol tapır. Bundan başqa, o, indiyədək La Liqada 223 qol vurub. Rekord isə Alfredo Di Stefanoya məxsusdu - 227 qol. 

Argentinalı ulduzun rəqabət apardığı Kriştiano Ronaldo isə "El Klasiko"larda "Real"ın xilaskarı hesab olunur. Portuqaliyalı "Nou Kamp"dakı son 6 derbidə 8 qola imza atıb. Ronaldo bu günkü matçda qol seriyasını davam etdirməyə çalışacaq.

İndiyədək La Liqada 166 dəfə qarşılaşan rəqiblərdən "Real" daha çox qələbə qazanıb - 70. 64 dəfə "Barselona" meydanı 3 xalla tərk edib. 32 qarşılaşmada isə xallar bölünüb.

Əzəli rəqiblərin "El Klasiko"ya tam heyətlə çıxıb-çıxmayacağı da maraqla gözlənilir. "Barselona"dan Karles Puyol, Kesk Fabreqas və Pedro Rodrigesin, "Real"dan isə Qaret Beyl, Alvaro Morata və Rafael Varanenin meydana oynayıb-oynamayacağı bilinmir. 

Xüsusən 91 milyon avroya transfer olunan Beylin ilk dəfə "El Klasiko" iştirakçısı olub-olmayacağı maraqla gözlənilir. "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya radiolarından birinə açıqlamasında indiyədək yalnız bir dəfə ilk "11-lik"də meydana buraxdığı uelsli ulduzun ilk dəqiqələrdən oynamağa hazır olduğunu bildirib: 

İtalyan mütəxəssis oyunla bağlı da danışıb: "Çox önəmli bir matç olacaq. Çünki böyük bir komandaya qarşı oynayacağıq və "Real"ın bu mövsüm necə olduğunu görəcəyik. Ümid edirəm ki, sabah (bu gün) planladığımız oyunu oynaya biləcəyik. Bu cür matçlara hazırlaşmaq daha asan olur. Çünki futbolçuları oyuna kökləmək asandı. Tək problem rəqib komandanın gücüdü. "Barselona"nın zəif nöqtələrini tapmağa çalışacağıq".

"Barselona"dan isə Karles Puyol danışıb. Kataloniya klubunun kapitanı acı etirafı ilə diqqəti çəkib: "Real" hazırda əla formadadı. Onlar indi bizdən daha yaxşı oyun sərgiləyirlər".

Hazırda "Barselona" 25 xalla turnir cədvəlinə liderlik edir. Aktivində 22 xal olan "Real" isə üçüncü pillədə qərarlaşıb.

Qaynar.info