İdman 09:27 09.04.2014

"Çelsi" və "Real" yarım finalda


UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Qaynar.info xəbər verir ki, Avropanın iki şəhərində baş tutan iki qarşılaşmada iki xoşbəxtin adına aydınlıq gəlib.

Qarşılaşmalardan biri Dortmundda baş tutub və "Borussiya" "Real"ı qəbul edib. İlk matçda "Real" 3:0 hesablı qələbə qazandığından cütün taleyi demək olar ki, həll olunmuşdu. Lakin almanlar sonadək mübarizə apararaq qalib gəlsələr də, mərhələ adlaya bilməyiblər. Belə ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Marko Reus 24-37-ci dəqiqələrdə dubl edib. Bu "Real"ın cari mövsüm Çempionlar Liqasında ilk yenilgisi olub. "Kral Klubu" bundan əvvəl keçirdiyi 9 oyunda 8 qələbə qazanmış və 1 dəfə heç-heçə oynamışdı.

Digər matçda isə "Çelsi" PSJ-ni qəbul edib. İlk matçda fransızlar 3:1 hesablı qələbə qazandığından favorit hesab olunurdular. Lakin Joze Mourinyonun komandası PSJ-yə yarımfinala çıxmağı "qadağan edib. Oyun londonluların istədiyi hesabla yekunlaşıb - 2:0. 18-ci dəqiqədə Eden Hazardın əvəzinə meydana çıxan Andre Şkürrle 14 dəqiqə sonra hesabı açıb. 87-ci dəqiqədə isə Demba Ba fransızların yarımfinala gedən yolunu bağlayıb.

Qeyd edək ki, mərhələnin digər iki oyunu bu gün keçiriləcək. "Atletiko" "Barselona"nı, "Bavariya" "Mançester Yunayted"i qəbul edəcək. Bu komandalar arasındakı hər iki görüş 1:1 hesabı ilə yekunlaşıb.

Çempionlar Liqası
2013/14 mövsümü
1/4 final (cavab oyunları)

8 aprel

Borussiya (Dortmund, Almaniya) - Real (Madrid, İspaniya) 2:0
Qollar: Marko Reus, 24; 37.


Çelsi (İngiltərə) - PSJ (Fransa) 2:0
Qollar: Andre Şkürrle, 32.Demba Ba, 87.

Qaynar.info