Ekonomiks 12:50 31.08.2013

"Facebook" ABŞ hökumətini məhkəməyə verir

"Microsoft", "Facebook" və "Google" da daxil olmaqla, aparıcı texnologiya şirkətlərinin ABŞ hökuməti ilə Amerika kəşfiyyatıyla əməkdaşlığın təfərrüatlarının açıqlanmasına dair danışıqları nəticəsiz başa çatdı.

"Los-Angeles Times" qəzetinin məlumatına görə, indi kompüter nəhəngləri Amerika xüsusi-xidmət orqanlarının müraciətlərinə dair məlumatların dərc edilməsi hüququnu məhkəmədə tələb edəcək.

İyul ayında "Microsoft", "Facebook" və "Google" koorporasiyaları söz azadlığına təminat verən ABŞ konstitusiyasına 1-ci düzəlişə istinad edərək, ABŞ hökumətini məhkəməyə vermişdi. Ötən gün isə "Microsoft"un baş hüquqşünası Bred Smit münaqişənin tənzimlənməsi istiqamətində danışıqların bir nəticə vermədiyini açıqlayıb.

İyun ayında ABŞ xüsusi-xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snoudendən məxfi sənədləri əldə edən "Washington Post" və "Guardian" qəzetləri yazmışdı ki, elektron kəşfiyyatla məşğul olan ABŞ Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu artıq bir neçə ildir iri texnologiya şirkətlərinin serverlərinə birbaşa çıxışa malikdir. Mətbuatda iddia edilirdi ki, xüsusi-xidmət orqanları "PRISM" şifrəli adı altında məxfi proqram sayəsində bu və ya digər saytların istifadəçilərinin audio- və video-fayllarını, şəkillərini və elektron yazışmalarını toplayır və onların sosial şəbəkədə hərəkət tarixçəsini izləyir.

Bundan sonra "Microsoft", "Facebook" və "Google" şirkətləri ictimaiyyətin tənqidinə məruz qalmış və onlardan ABŞ elektron kəşfiyyatının nəticələrinə dair məlumatların dərc edilməsi tələb edilmişdi. Bəzi kütləvi-informasiya vasitələri isə hətta "Microsoft" korporasiyasının özünün ABŞ xüsusi-xidmət orqanlarına şifrələmə sistemlərinə çıxışını təmin etdiyini iddia etmişdi.(Anspress)