İdman 09:42 03.05.2013

"Fənərbaxça" tarix yaza bilmədi

Çempionlar Liqasının ardınca, Avropa Liqasının da finalçıları müəyyənləşib. Qaynar.info xəbər verir ki, bu gecə keçirilən iki oyundan sonra həlledici matçın iştirakçıları müəyyənləşib.

Türkiyənin «Fənərbaxça» klubu «Benfika»nın qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanaraq finalın bir addımğılına qədər irəliləyən türkləri tarixində ilk dəfə bu oyunda iştirak etmək üçün 1:2 hesablı məğlubiyyət də qane edirdi. Lakin «Benifka» buna imkan verməyib. Oyuna sürətli hücumlarla başlayan "Benfika" 9-cu dəqiqədə hesabı açıb. Limanın ötürməsini Nikolas Qaytan tora qovuşdurub. 23-cü dəqiqədə cərimə meydançasında əllə oyuna görə hakim meydan sahiblərinin qapısına penalti təyin edib və Dirk Kuyt tarazlığı bərpa edib. 12 dəqiqə sonra Oskar Kardoza yenidən «Benfika»nı hesabda önə keçirib. O, Enyo Peresin ötürməsindən sonra fərqlənib. Portuqaliyalılar finala çıxmaq üçün lazım olan qolu 66-cı dəqiqədə vurub. Kardozo bu dəfə Luisaonun ötürməsini qola çevirib.

Digər matçda isə «Çelsi» «Bazel»i qəbul edib. İsveçrədə 2:1 hesablı qələbə qazanan İngiltərə klubuna evdə istənilən hesablı qələbə və heç-heçə, həmçinin 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Hesabı 45-ci dəqiqədə Valentin Stokkerin ötürməsindən sonra topu tora qovuşduran Məhəmməd Salah açıb. İkinci yarıya fəal başlayan «Çelsi» 50-ci dəqiqədə tarazlığı bərpa edib. Fernando Torres Frank Lempardın ötürməsini qola çevirib. 2 dəqiqə sonra Viktor Moses Torresin ötürməsini yaxşı dəyərləndirib. Oyunda son nöqtəni David Luiz qoyub. O, 59-cu dəqiqədə Lempardın ötürməsindən sonra fərqlənib – 3:1.

Beləliklə, Avropa Liqasının finalına «Benfika» və «Çelsi» çıxıb. Həlledici matç mayın 15-də «Amsterdam Arena»da keçiriləcək.

Avropa Liqası
Yarımfinal
Cavab oyunları

2 may

Benfika (Portuqaliya) – Fənərbaxça (Türkiyə) 3:1
Qollar: Nikolas Qaytan, 9. Oskar Kardozo, 35; 66 - Dirk Kuyt, 23-pen.


Çelsi (İngiltərə) – Bazel (İsveçrə) 3:1
Qollar: Fernando Torres, 50. Viktor Moses, 52. David Luiz, 59 - Məhəmməd Salah, 45.


Qaynar.info