Siyasət 15:09 12.07.2013

"İbrahimbəyov qalib gəlmək istəyirsə..." -Frenk Elkaponi

"Rüstəm İbrahimbəyovu ziyalı kimi tanıyıram, siyasətçi kimi yox"

Rusiyada fəaliyyət göstərən “İntersever” şirkətlər qrupunun azərbaycanlı prezidenti Frenk Elkaponi ləqəbli Füzuli Məmmədov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Füzuli müəllim, çoxdandır mətbuata çıxmırsınız. Haralardasınız? Nə işlərlə məşğul olursunuz?


- Mən çoxdandır İtaliyadayam. Burada yeni layihələrim var. Onlarla məşğul oluram. İnanın ki, işlərimiz o qədər çoxdur ki, bütün vaxtımı sırf bu layihələrə həsr edirəm. Şükür Allaha, hər şey yaxşıdır. Şəxsi həyatım, səhhətim hər şey qaydasındadır.

- İtaliyaya birdəfəlik köçmüsünüz?


- Xeyr, layihələrlə bağlı İtaliyadayam. İyulun 25-də yenidən Moskvaya qayıdıram. Mən işlərimlə əlaqədar tez-tez xarici ölkələrdə oluram.

- Füzulu müəllim, Azərbaycanda bu il prezident seçkisi keçiriləcək. Siyasi prosesləri izləyirsiniz?

- Mən bundan əvvəl də sizə müsahibəmdə bildirmişdim ki, siyasətlə artıq məşğul olmuram. Amma Azərbaycanda gedən siyasi prosesləri mütəmadi olaraq izləyirəm. İnternet portallarına vaxtım olduqca, nəzər yetirirəm. Demək olar ki, Azərbaycanda olmasam da, orada baş verənlərdən xəbərdaram.

- Azərbaycanda seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz?

- Kənardan prosesləri izləyirəm. Hələ ki müşahidə aparıram, görək sonra nələr baş verəcək.

- Azərbaycanda müxalifət qüvvələrinin yaratdığı Milli Şuraya münasibətiniz necədir?

- Bəli, Milli Şuradan xəbərim var. Konkret bir söz deyə bilmərəm bu haqda. Hər halda müxalifət uzun illərdən sonra bir yerə toplana bilibsə, bunu alqışlamaq lazımdır.

- Milli Şuranın vahid namizədini necə, tanıyırsınızmı?

- Bilirəm ki, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüblər. Rüstəm İbrahimbəyovla yaxından tanışlığım yoxdur. Bir-iki dəfə diaspor tədbirlərində görüşmüşük. Bilirəm ki, tanınmış ziyalıdır, dünyada tanınan bir insandır. Amma şəxsi əlaqələrimiz yoxdur.

- Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməyi düşünürsünüzmü? Ümumiyyətlə, necə hesab edirsiniz, Rüstəm İbrahimbəyov seçkilərdə qalib gələ bilərmi?

- Sözün düzü, mən Rüstəm İbrahimbəyovu ziyalı kimi tanıyıram, siyasətçi kimi yox. O siyasətçi deyil. Bu baxımdan indiki vəziyyətdə nəsə danışmaq doğru olmazdı. Əsas bilmək lazımdır, onlarım məqsədləri, məramları nədən ibarətdir. Həm də Rüstəm İbrahimbəyov oturub Moskvadan Milli Şuranı idarə edir. O qalib gəlmək istəyirsə Azərbaycana qayıtmalı, proseslərin içində olmalıdır. O zaman xalq ona dəstək verə bilər.

- Yeri gəlmişkən, bu gün mətbuatda sizin haqqınızda belə məlumat yayılıb ki, siz də Milli Şuraya dəstək verəcəksiniz. Hətta deyilənlərə görə, Kreml sizin üzərinizə bununla bağlı öhdəliklər qoyub?
- Belə bir şeydən xəbərim yoxdur. Axı mən neçə vaxtdır Rusiyada deyiləm. Bu haqda xəbərim yoxdursa, nə deyim.... Mən Milli Şuraya dəstək verəcəyəm deyə, heç kimə söz verməmişəm. Bu proseslərdən kənardayam. Ancaq öz işlərimlə məşğulam. Siyasətlə məşğul olmuram axı...

- Azərbaycanda keçiriləcək seçkilərdən gözləntiləriniz nədən ibarətdir? Kimi dəstəkləməyi düşünürsünüz?


- İndidən bir söz demək istəmirəm. Vaxtı gələndə münasibətimizi bildirərik. Hər şey qarşıdakı proseslərdən asılıdır.

“İntersever” şirkətlər qrupunun rəsmi saytında iş adamı Frenk Naxçıvanski adı ilə təqdim olunub. O, 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən “İnterserver” şirkərinin prezidenti vəzifəsində çalışır. F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə "Frenk Fond"u fəaliyyət göstərir.

Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir. Onun iki övladı var.

Qaynar.info