Siyasət 15:38 03.07.2013

"İbrahimbəyov yüksək rütbəli şəxslərlə görüşməyib" -Morninqstar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar güman edir ki, Azərbaycanda prezident seçkiləri ədalətli olacaq.

Bu barədə o, jurnalistlərlə söhbətində ölkədəki daxili siyasi vəziyyəti şərh edərkən bildirib.

Müxalifətdən prezidentliyə vahid namizəd ilə bağlı sualın cavabında deyib ki, bu, siyasətçilərin öz işidir. “Mənim  bu barədə hər hansı fikir söyləməyim düzgün olmazdı", -  səfir  bildirib.

Seçkilərdə namizədlərin  kim olmasından asılı olmayaraq,  seçkilərin azad və ədalətli keçirilməsini istəyirik”, - o vurğulayıb.

Səfir  Rüstəm İbrahimbəyovun  ABŞ-a səfərinə də toxunub. R.İbrahimbəyov Dövlət Departamentində görüşlər keçirib və ayrı-ayrı şəxslərlə görüşüb. Ancaq kimlərlə görüşməsi səfirə məlum deyil. Morninqstarın sözlərinə görə, R.İbrahimbəyov dövlət katibi  və ya digər yüksək rütbəli şəxslərlə görüşməyib. Görüşün detalları barədə də məlumatı yoxdur.

NİDA hərəkatı üzvlərinin, əsasən talassemiya xəstəsi olan Zaur Qurbanlının həbs müddətinin uzadılmasına münasibətini bildirən səfir deyib ki, həm Qurbanlı, həm də digər xəstələr müvafiq müalicə ilə təmin olunmalıdır. (contact.az)

“Biz ona zəruri səhiyyə xidmətlərinin göstərilməsinə çağırırıq", - diplomat vurğulayıb.