Siyasət 14:31 06.05.2013

"İlham Əliyevi Prezident seçmək üçün 300 səbəb" - YENİ LAYİHƏ

azerbaijans.com - virtual ensiklopediyanın, butalife.com sosial şəbəkəsinin və garabagh.net portallarının rəhbəri İlham Abduyev President-az.com adlı yeni layihəyə başlayır. Yeni layihə internet və multimedia texnologiyalarının ən son nailiyyətləri üzərində qurulacaq, cəlbedici dizayna və orijinal təqdimat üslubuna malik olacaq. Saytda İlham Əliyevi yenidən prezident seçməyə əsas verən 300 səbəb yeddi dildə (azərbaycan, türk, rus, ingilis, fransız, alman, ispan ) təqdim olunhacaq.

Bu münasibətlə layihə rəhbəri İlham Abduyevin müraciəti yayılıb. Həmin müraciəti təqdim edirik.

"Hörmətli həmvətənlər,
Bu il Azərbaycanda prezident seçkiləri ilidir və ölkəni növbəti 5 ildə kimin idarə edəcəyi barədə cəmiyyətdə təbii olaraq, diskussiyalar aparılmaqdadır. Cəmiyyətin müxtəlif təbəqələrindən, ictimai təşkilatlardan  və sadə insanlardan Prezident İlham Əliyevin növbəti müddətə bir daha namizədliyinin irəli sürülməsi yönündə təşəbbüslər irəli sürülməkdədir. Rəhbərlik etdiyim  azerbaijans.com  saytı və onun kollektivi tərəfindən ötən il həyata keçirilmiş, qısa müddətdə böyük istifadəçi kütləsinin rəğbətini qazanmış digər internet layihələrinin - butalife.com sosial şəbəkəsinin, garabagh.net saytının və digər layihələrin geniş auditoriyasından da belə təşəbbüslər gəlməkdədir. Bu da təəccüblü deyil:  İlham Əliyevin hakimiyyət başında olduğu ötən 10 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşəcək.

Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş,  ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmış, işsizlik problemi böyük ölçüdə həllini tapmış, Ermənistanın hərbi təcavüzü nəticəsində öz evlərindən qaçqın  düşmüş 1 milyona yaxın insanın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dönüş yaranmış, çadır düşərgələri  ləğv olunmuşdur. Ölkəmizin hərbi qüdrəti dəfələrlə artmışdır.

İlham Əliyevin rəhbərliyi ilə strateji əhəmiyyətli regional enerji və infrastruktur layihələri həyata keçirilmış və keçirilməkdədir. İqtisadiyyatın innovativ və gələcəyə hesablanmış sahələrində də ciddi nailiyyətlər əldə edilmiş, Azərbaycan keçmiş sovet respublikaları arasında öz süni peykinə malik olan ilk ölkəyə çevrilmişdir.  Cənubi Qafqaz regionunun aparıcı dövləti olmaqla bərabər, dünyada da öz mövqelərini gücləndirmiş,  Azərbaycan  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, dünyada söz sahibi olmuşdur. İqtisadiyyat, xarici siyasət, ordu quruculuğu və digər sahələrdə əldə edilmiş nailiyyətlərlə yanaşı,  Azərbaycan güclü vətəndaş cəmiyyətinin formalaşdırılması, siyasi stabilliyin dayanıqlı və uzunmüddətli xarakter alması istiqamətində də ciddi uğurlara imza atmışdır.

Biz də azerbaijans.com saytının intellektual komandası olaraq,  internet və multimedia texnologiyalarının ən son nailiyyətləri üzərində qurulacaq, cəlbedici dizayna və orijinal təqdimat üslubuna malik olan bir saytla İlham Əliyevi yenidən prezident seçməyə əsas verən 300 səbəbi yeddi dildə (azərbaycan, türk, rus, ingilis, fransız, alman, ispan ) öz  yeni internet layihəmizdə - president-az.com saytında yerləşdirərək sizlərin istifadəsinə təqdim edəcəyik.

Bu 300 səbəb İlham Əliyevin ötən 10 illik prezidentliyi dövründə Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlərin real faktlara əsaslanan, eyni zamanda geniş kütlə üçün anlaşıqlı üslubda hazırlanan təhlilindən ibarətdir. Bu faktlar  İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyəti dövründə bütövlükdə Azərbaycan dövləti və xalqının həyatında hansı müsbət dəyişikliklərin baş verdiyini  nümayiş etdirir.

Bu araşdırmalarımız zamanı məlum olan ən mühüm  fakt isə ondan ibarət oldu ki, İlham Əliyevin yenidən prezident seçilməsi 10 ildə görülən bir çox işlərin məntiqi sonluğüna çatması  üçün vacibdir. Bu baxımdan biz 2020-ci ilədək nəzərdə tutulan  inkişaf konsepsiyası ilə  bağlı da  insanlarımızı bu saytda  ətarflı tanış edərək xalqımızın gözəl  gələcəyi üçün həqiqətən İlham Əliyevə yenidən səs vermənin nə qədər  mühüm olduğunu göstərəcəyik.

Biz çox istərdik ki, hazırladığımız bu layihə seçkilərdə intellektual bir mübarizənin aparılmasına rəvac versin və digər namizədlər də hansı səbəblərə əsasən  prezidentliyə iddiaçı olduqlarını insanlara göstərsinlər. 
Hesab edirik ki, bu sayt və orada yerləşdiriləcək materiallar prezident seçkiləri kampaniyasında prezidentliyə namizəd kimi İlham Əliyevin dəstəklənməsi istiqamətində effektiv  təbliğat vasitəsi  də ola bilər.
Diqqətə çatdırmaq istədiyimiz digər mühüm məqam budur ki, prezident-az.com layihəsi öz işini prezident seçkiləri ilə yekunlaşdırmayacaq. Bu layihə seçkilərdən sonra da Azərbaycan prezidentinin fəaliyyətinin aylıq təhlilini hazırlayıb oxuculara,  ictimaiyyətə çatdıran vasitə kimi öz fəaliyyətini davam etdirəcək.

Saytın avqust ayının ikinci yarısında açılışı planlaşdırılır.

Layihə ilə bağlı arzu və təklifləri olan bütün aktiv insanların bizimlə əlaqə saxlamasını  istərdik.  Biz hər zaman hər kəsi dinləməyə hazırıq. Bu layihə bütün azərbaycanlıların layihəsidir.

Hörmətlə: İlham Abduyev"


Qaynar.info