Ekonomiks 13:40 13.05.2015

"İlin sonuna ikinci devalvasiya olacaq" - Ekspert

Azər Mehdiyev: Azərbaycanda kredit dərəcələri və kredit risklərinin azalması ehtimalı gözlənilən deyil.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev böyük şirkətlərin milyonlarla kredik öhdəliklərini ödəməməsi ilə bağlı bildirib ki, problemli kreditlər məsələsi xeyli vaxtdır Azərbaycnda bank sistemi üçün problemlər yaradıb.

İqtisadçı ekspert xüsusilə Azərbaycan manatının devalvasiyası prosesinin həyata keçirilməsindən sonra bu prosesin daha da gücləndiyini deyib.

O, kreditlərin özlərinin strukturunun dəqiqləşdirilmədiyi, istehlak kreditləri və ya şirkətlərin əldə etdiyi kreditlər harda məlumat olmadığı üçün müstəqil ekspertlərin fikir söyləməsinin çətinliyindən danışıb.

Azər Mehdiyev deyib ki, problemli kreditlər məsələsinin həlli üçün ilk növbədə bunların dəqiqləşdirilməsi və hər bir sahəyə xüsusi yanaşma tələb olunur.  

Manatın daha bir devalvasiyasının mümkünlüyü barədə ekspert bunun dünya bazarlarında neft qiymətinin dəyişkənliyindən asılı olduğunu vurğulayıb.

Azərbaycanda ixracın 94 faizinin neft və neft məhsullarından asılı olduğunu önə çəkən Mehdiyev deyib ki, neft qiymətləri indiki səviyyədə və ya bundan yüksək olsa, növbəti devalvasiyadan qaçmaq mümkün ola bilər.

O, əks təsdirdə devalvasiyanın ilin ikinci yarısı və ya sonlarına doğru baş verə biləcəyini bildirib.

Kredit faizlərinin yüksəkliyinə gəlincə, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri deyib ki, bu problem Azərbaycanda çoxdan mövcuddur. O, məsələnin dəfələrlə gündəmə gətirildiyini, faizlərin aşağı salınması istiqamətində addımlar atılmasının vacibliyinin vurğulandığını deyərək, kredit faizlərinin yüksək olmasını kredit bazarlarındakı risklərin yüksək olması ilə izah edib.

Azər Mehdiyev Azərbaycan iqtisadiyyatının son dərəcədə inhisarlaşmış vəziyyətdə olmasının burada həlledici rol oynadığı, digər tərəfdən azad sahibkarlığın geniş yayılmaması, təşəbbüskarlığa geniş meydan verilməməsinə görə bankların kreditlər verməsinə böyük layihələr tətbiq etdiyini deyib.

O, inhisarlığın layihələri çətinləşdirdiyini bildirib.    

İqtisadçı ekspert xəbərdarlıq edib ki, ölkədə kredit dərəcələri və kredit risklərinin aşağı salınması istiqamətində konkret addımlar atılmadığı, inhisarçılığın aradan qaldırılmadığı, Mərkəzi Bank tərəfindən kommersiya banklarına kredit resurslarının artırılmadığı təqdirdə, kredit dərəcələri və kredit risklərinin azalması ehtimalı gözlənilən deyil. (amerikaninsesi.org)

Qaynar.info