Siyasət 13:06 10.06.2013

"Mühafizəkarlar hakimiyyəti nəzarət altına alacaq" - ŞƏRH

“Onların içərisində də Cəlilinin vəziyyəti daha cəlbedici görünür”

“Mühafizəkarlar başda Ayətullah Xamneyi olmaqla hər şeyi nəzarət altına alıblar. Demək olar ki, kütləvi informasiya vasitələrindən tutmuş, demokratik tədbirlərinin keçirilməsinə qədər hər şey Ayətullah Xamneyinin, onun tərəfdarlarının, o cümlədən də İslam İnqilabi Keşikçilərinin tam nəzarəti altındadır”.

Bunu Qaynar.info-ya siyasi şərhçi Qabil Hüseynli İrandakı seçkiöncəsi vəziyyəti şərh edərkən deyib. O bildirib ki, İrandakı seçkiöncəsi demokratik mühitdən danışmaq çox çətindi: “Bunların hamısı seçkilərdə Ayətullah Xamneyinin adamının - Səid Cəlilinin seçilməsinə yönəlmiş bir siyasətdi. Yəni mühafizəkarlar Əhmədinejad dövründəki idarəçilikdə özünü göstərən fikir ayrılıqları və bəzən də bir-birini təkzib edən mövqelərin səsləndirilməsi praktikasına son qoymaq istəyir. İranı vahid yumruqla idarə etməyə və hər şeyi mühafizəkarların sərəncamına verməyə çalışırlar”.

Q.Hüseynli seçkilər zamanı hərbçilərin prosesə müdaxilə etməsindən danışarkən deyib ki, hərbçilər Xamneyinin əmrinə tabedirlər: “Düzdür, hərbçilər siyasi işlərə müdaxilə edirlər. Amma bu siyasi müdaxilə Xamneyinin izni və yaxud da ki, onun müəyyən gedişlərinin ifadəsi kimi özünü göstərir. İranda hərbçiləri hədsiz dərəcə siyasiləşdirilmişlər kateqoriyasına aid etmək çətindir”.

Siyasi şərhçi qeyd edib ki, İranda 600 nəfər seçkilərdə iştirakla bağlı namizədliyini irəli sürüb, amma 8 nəfərin namizədliyi qeydə alınıb: “Müşahidəçilər Şurasının ələməsindən sonra cəmi 8 nəfərin namizədliyi qeydə alındı. Onların içərisində də Cəlilinin vəziyyəti daha cəlbedici görünür. Xamneyi və digər mühafizəkarlar onu müdafiə edirlər. Onlar hesab edirlər edirlər ki, bundan sonra hakimiyyətdəki pərakəndəliyə son qoyulacaq. Bir növ mühafizəkarlar hakimiyyətdə hər şeyi nəzarət altına alacaq. Cəlilinin hakimiyyətə gəlməsini müsbət hal adlandırmaq çox çətindir. Çünki Qərb İrandan islahatlar, liberallaşma gözləyir. Buna cavab olaraq teokratik rejim hakimiyyətin sərtləşdirilməsi ilə onlara cavab verir. Bu da İranın beynəlxalq imicinə mənfi təsir göstərəcək”.

Qeyd edək ki, iyunun 14-də İranda prezident seçkiləri keçiriləcək.

İlkin
Qaynar.info