Ekonomiks 11:57 26.05.2015

"Petlim limanı tarixən etmək istədiyimiz yük daşınmalarını həyata keçirəcək" - Haldun Yavaş

Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş katibi Haldun Yavaşın "Report"a müsahibəsi:

- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması region ölkələrinin, xüsusən də Azərbaycan və Türkiyənin logistika sahəsindəki fəaliyyətinə hansı təsir göstərə bilər?

- Bildiyiniz kimi, Türkiyə Xəzər ölkələri və Orta Şərqlə qərbdə yerləşən Avropa arasında körpü vəzifəsini yerinə yetirir. Digər tərəfdən, Xəzər dənizinin şərqi ilə Qafqaz, Cənubi Qafqaz ilə Türkiyə arasında da ən təbii körpü Bakıdır. Bakı-Tbilisi-Qars dəmir yolu bu ikisini bir-birinə bağlayan ən ucuz və ən çox yük daşınan, ən qısa vaxt ərzində həm sərnişinləri, həm də yükləri daşıyan logistik xətdir. Bakı-Tbilisi-Qars dəmir yolu tamamlandığı zaman Xəzərin şərqi ilə qərbini, yəni Xəzər ilə Türkiyəni və Avropanı fasiləsiz birləşdirən bir xətt yaranacaq. Bu xəttin ən əsas xüsusiyyəti çatışmayan bir xəttin təmin edilməsindən ibarətdirsə, ikinci xüsusiyyəti də Türkiyə ilə geniş Xəzər bölgəsinə açılan digər xəttlər - Rusiya üzərindən olan xətt, və ya İran üzərindən olan xətlə müqayisədə ən qısa və ən ucuz xətt olmasındadır. Bu səbəbdən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tez bir zamanda tamamlanması və həyata keçirilməsi həm Azərbaycan, həm Türkiyə, həm Avropa, həm də Avropanın şərq bölgələri üçün mühüm əhəmiyyət kəsb edir.

- Bildiyimiz kimi, Azərbaycanda regionun ən böyük dəniz limanı tikilir. Necə düşünürsüz, bu liman Azərbaycanın Xəzər regionunda nüfuzuna hansı təsiri göstərəcək?

- Məsələn, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Sovetlər İttifaqı dövründən bəri Xəzər bölgəsi, Xəzər dənizi və Qara dənizin ən əsas dəniz yük daşımalarını həyata keçirən firmadır. Digər tərəfdən, Bakı limanına nəzər salsaq, bura lap qədimdən - İpək yolundan bəri Xəzər dənizinin daşınmalarını quruya bağlayan əsas hissə olub. Bu səbəbdən, Bakı limanının mövcud tutumunun Ələt limanı ilə genişləndirilməsi həm Bakı, həm də Xəzərin şərq və qərb bölgələri üçün çox qiymətlidir. Fikrimcə, Ələt limanını sadəcə liman olaraq görməməliyik. Çünki istehsal olunan məhsullar, Ələt limanı vasitəsilə şərqdən və ya qərbdən Bakıya gələcək, orada çeşidlərə ayrılacaq. Yəni ağır tonnajlı yük maşınları ilə gətirilib boşaldıla və təkrar qablaşdırıla bilər, oradan gəmiyə və bərəyə yüklənə və ya eyni konteynerlə yolunu davam etdirə bilər. Buna misal kimi, Sinqapur böyük bir limana sahib olmaqla yanaşı eyni zamanda ticarətin aparıldığı, qiymətlərin müəyyən olunduğu, məhsulların yenidən paketləndiyi və satıldığı bazadan ticarət mərkəzinə çevrilib. Fikrimcə, Ələt limanı da Bakı, Xəzər regionu üçün sadəcə bir limandan qat-qat böyük əhəmiyyətə malik olaraq Bakını bir ticarət mərkəzinə çevirməyə qadirdir. Yəni, Azərbaycanın karbohidrogen yataqlarından, neft və qaz satışından əldə etdiyi gəliri qeyri-neft sektorlarına yatıra bilməsi və həm emalat sahəsinin genişlənməsi, həm də bunun satıla biləcəyi bir zəminin yaranması baxımından Ələt limanı geniş Xəzər bölgəsi üçün mühüm bir addımdır.

- Türkiyənin enerji naziri Taner Yıldız İranın TANAP layihəsinə qoşulmaq imkanının olması ilə bağlı fikir bildirib. Sizcə, rəsmi Tehranın TANAP-a qoşulması və bu layihədən faydalanması nə qədər realdır? Və bunun layihəyə təsiri necə ola bilər?

- Birincisi, Cənub qaz dəhlizi Xəzər ehtiyatlarının Avropaya tədarükünü əsas məqsəd kimi nəzərdə tutan bir layihədir. Layihə 3 mərhələdən ibarətdir: birincisi Cənubi Qafqaz boru kəməri, ikincisi - Türkiyədən keçən TANAP boru kəməri, üçüncüsü - Türkiyənin qərb sərhədindən olmaqla, Yunanıstan, Albaniya, İtaliya üzərindən gələrək, Balkanlara və Avropaya qədər uzanacaq TAP xətti. Bu xəttin mövcud tutumu hazırda İrandan, Türkmənistandan və ya Aralıq dənizinin şərqindən ehtiyatları qəbul edə biləcək səviyyədədir. Lakin bu boru xətti ilə Azərbaycan ehtiyatlarının nəqli də mümkündür. Onsuz da hazırda buraya İrandan qazın gələ bilməsi, İranın mövcud strukturundakı təbii qaz ehtiyatları, bildiyim qədərilə, xaricə elə bir qaz satışını təmin edəcək imkanlara sahib deyil. Lakin nəticədə İran bu qazı Türkmənistandan ala bilər. Türkmənistandan alacağı qazı ölkəyə gətirə bilər və ya əlavə təbii qaz yataqlarına sərmayə yatıraraq, oradakı təbii qazı TANAP-a qoşa bilər. Bu nə dərəcə mümkündür, bununla bağlı qəti fikir söyləmək olmur, bu layihə imzalandıqdan sonra deyə bilərik.

- "Türk Axını"nın TANAP-a rəqib olacağı ilə bağlı fikirlər var. Bu iddialar nə dərəcə həqiqətə uyğundur?

- Şahdəniz yatağındakı qazın Avropaya və Türkiyəyə tədarükü ilə bağlı bütün müqavilələr imzalanıb, sərmayələr yatırılıb. Bu boru kəməri layihəsinin artıq həyata keçirilməsinə başlanıb. Yəni müqavilə imzalandıqdan və layihənin təməli atıldıqdan sonra qaz Avropaya göndəriləcək. Bu səbəbdən, Azərbaycan qazının Avropaya və Türkiyəyə tədarükü ilə bağlı tələb olunan bütün tədbirlər görüldü və imzalar atıldı. Belə ki, Rusiyadan Türk axını ilə qazın Türkiyəyə çatdırılması Azərbaycan qazına bir alternativ ola bilməz. Hazırda, Türk axını ilə Rusiyadan Türkiyəyə gələcək qaz bizim qərb kəməri ilə Türkiyəyə idxal etdiyimiz qazın miqdarı ilə eynidir. Sadəcə, səhv etmirəmsə, onlar arasında 1 mlrd. kub.metr qaz fərqi var. Qərb xətti ilə hazırda aldığımız qazı Türk axını vasitəsilə əldə edəcəyik, sadəcə məkan dəyişəcək, lakin təxminən eyni miqdarda qaz əldə edəcəyik. Türk axınının 2, 3, 4-cü fazası ilə bağlı hələ ki, konkret məlumatımız yoxdur. Bildiyimiz qədər, qərb kəməri ilə aldığımız qaz miqdarına sahib olacağıq. Bu səbəbdən, Azərbaycanın qaz layihələrinə Türk axını alternativ olmayacaq.

- Türkiyədə "Petlim" limanının tikintisi həyata keçirilir. Bu limanın istifadəyə verilməsi regionda hansı əhəmiyyətli dəyişiklik yarada bilər?

- Bir az əvvəl qeyd etdiyim kimi, İpək yolunun tarixinə nəzər saldığımız zaman, qədim zamanlardan Türkiyənin Anadolunun şərqindən, Hindistandan, Çindən gələn ipək yolu karvanları hər zaman yükü bir ərazidən digərinə ötürülməsi yolu ilə Egey dənizinə qədər gəlmiş və həmin məhsulları burada gəmilərə yükləyərək qərb ölkələrinə göndərilib. Bu baxımdan Petlim konteyner limanı tarixdən bəri etmək istədiyimiz yük daşınmalarını həyata keçirəcək. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması ilə Türkiyənin böyük yükdaşıma mərkəzi olmaq hədəfi Vikinq xətti ilə Baltik dənizindən gələn boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Xəzər vasitəsilə gələn yüklər, digər tərəfdən Xəzərin cənubundan və Hindistandan, İrandan keçən boru kəməri ilə gələn bütün yüklərin qərb ölkələrinə tədarük etdirilməsi üçün 2 əsas xəttə ehtiyac duyulur - biri Mərsin, digəri - İzmir. Belə ki, İzmir və Mərsin böyük həcmli yüklərin daşına biləcəyi, qərbə, Afrikaya, yəni, şimal-qərb və qərbə açılan ən mühüm 2 liman nöqtələrimizdir. Petkim limanı bu baxımdan tarixi İpək yolunun yenidən canlanmasında əhəmiyyətli rol oynayacaq böyük miqdarda yüklərin daşınmasını təmin edəcək ən zəruri addımlardan biridir.

Qaynar.info