Dünya 19:25 19.04.2013

"Putin sevilməkdən çox nifrət edilməyi üstün tutur" (MÜSAHİBƏ)

Boris Akunin: Putin Gürcüstanla imperator Kaliqula kimi rəftar edir. (“Liberation” qəzeti, Fransa)

Biz Boris Akuninlə onun Moksva ətrafında olan gözəl evində görüşdük. Çoxlu xarici dillərə çevirilmiş tarixi detektivlərin müəllifi artıq qorxduğunu etiraf edir. Akuninin əsl adı Qriqori Çxartaşvilidir. O, milliyyətcə gürcüdür. Atası İkinci dünya müharibəsi dövründə Moskvada xidmət edən sovet zabiti olub. Kreml tərəfindən başladılmış yeni anti-gürcü isteriyası onu dərindən narahat edir. “Heç vaxt özümü gürcü kimi hiss etməmişdim, İndi isə məni köklərimi yada salmağa məcbur edirlər. İndi hökm sürən ab-havada hətta hansısa axmağın durub mənim özümə ya da kitablarıma qarşı çıxış edəcəyini də gözləyirəm,” – deyə Akunin köks ötürür. Çünki bu yaxınlarda hüquq mühafizə orqanları onun naşirini dindirmək üçün idarəyə çağırıblarmış.

- Bu münaqişədə kimin tərəfini tutursunuz?

- Mən Gürcüstanda doğulsam da, orda doğulandan sonra cəmi bir ayımı keçirtmişəm.Yaşa dolandan sonra isə bircə dəfə orda olmuşam. Bütün həyatımı Moskvada yaşamışam. Mən rusam, rus mədəniyyətinə mənsubam. Məndən Gürcüstan haqqında soruşmaq Aleksandr Dümadan Haitidəki siyasi vəziyyətə şərh verməsini istəmək kimi bir şeydir. Məhz rus vətəndaşı kimi Moskvanın apardığı bu iyrənc siyasətdən necə narahat və nigaran olduğumu demək istəyirəm. Elə bil sehirli çıraqdakı ksenofobiya cinini buraxıblar. Ancaq indi onu geri qaytarmaq çətin olacaq. Bu irqçilik mikrobunun və millətlərarası ayrı-seçkiliyin yayılmasının qarşısını almalı olan dövlət isə bu gün ancaq alışan alovun üstünə yağ tökməklə məşğuldur. Rus polisinin əllərindəki bu kozırdan istifadə edərək ksenefobiyanın hesabına pul qazanmaq üçün bazarlara hücuma keçib gürcüləri döyməsinə, onlardan bəxşiş qopartmasına tamaşa etmək insanın ürəyini bulandırır. Bu yolla faşizmə bənzər bir atmosfer yaranmaqdadır.

- Bu, Sizin üçün bu gözlənilməzdir?

- Bu günədək siyasətdən uzaq olmağa çalışmışam. Mən Nord-Ost teatrında baş verən insident zamanı da, “YUKOS” işi (Putinə qarşı çıxmağa cürət etmiş oliqarx Xodorkovskinin məhkəmə işi) zamanı da səsimi çıxartmadım. Bu məhkəmə prosesi artıq ölkədə qanuna hörmətin qalmadığını açıqca göstərdi. Putin Administrasiyası “YUKOS” işinin köməyi ilə bir müəssisəni necə talamaq mümkün olduğunu gözlər önünə sərdi. O gündən bəri bu hal milli idman növünə çevrilib: hər bir sahədə sözə baxmayan iş adamlarının əmlakını ələ keçirtmək məqsədilə aparılan qanunsuz reydlər müşahidə edilir... Ancaq bu dəfə susa bilmərəm, çünki millətlərarası konfilikt baş qaldırmaqdadır. Tezliklə bütün qafqazlılara şamil ediləcək “iyrənc gürcü” obrazı yaradılır.

- Siz bu böhranı nə ilə izah edirsiniz?

- Bədənin hansısa hissəsi kəsilib götürüləndən sonra belə insan həmin yerdə ağrılar hiss edir. Rusiya Gürcüstanın onun üçün itirildiyi faktı ilə heç cür barışa bilmir (1801-ci ildə Rusiya imperiyasına birləşdirilən Gürcüstan, 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanıb). Heç Rusiya özü də artıq nə imperiya, nə də dünyanın iki ən güclü dövlətindən biri deyil. Putin özünü imperator Kaliqula kimi aparır. Eynilə Kaliqula kimi o da sevilməkdən daha çox nifrət edilməyi üstün tutur. Onun ən pirimitiv infantil “qabağından yeməyən kişi” duyğuları işə düşüb. Biz onların qazını kəsirik, yollarını kəsirik... Bununla da gürcülərə və bütün dünyaya hamıdan güclü olduğumuzu sübut edirik! Faciə ordadır ki, bu davranışların nəticəsində Gürcüstan və qonşuluğumuzdakı başqa dövlətlər bizdən daha da uzaqlaşır. Bu cür siyasətlə Rusiya ilə dostluqda ancaq Türkmənistan, Özbəkistan, Belarus kimi avtoritar respublikalar qalacaq.

- Gürcüstan prezidenti tərəfindən yol verilən hansısa fitnəkarlıq bu konfliktdə rol oynadımı?

- Deməzdim ki, gürcü siyasətinə xüsusi simpatiya ilə yanaşıram. Amma Gürcüstan Rusiyanın üzvü olduğu “böyük səkkizlik”ə üzv olmağa ya da dünya imperiyasına çevrilməyə can atmayan kiçik bir dövlətdir. Ölkə nə qədər böyük olsa, məsuliyyəti də bir o qədər olar. Təəssüf ki, Birləşmiş Ştatların davranışlarını da xoşməramlı hesab etmirəm. Çünki onlar dünya jandarmı rolunu üzərlərinə götürəndən bəri Rusiya da özünü ortaya atıb ki, mən də şerif olmaq istəyirəm, bizim amerikanlardan nəyimiz əksikdir...

- Nəyə görə özünüzə məhz rus psevdonimi götürdünüz?

- Romanlarımı BorisAkunin adı ilə yazıram, esselərimi isə Qriqori Çxartaşvili adından. Yaxın zamanlara qədər Rusiyada gürcülərə yaxşı yanaşırdılar. Sovet dövründə yəhudi ya da almanlar üçün yaşamaq çətin olsa da, gürcülərin heç bir problemi yox idi. Necə olsa, bu ölkəyə otuz il ərzində gürcü mənşəli Stalin rəhbərlik edib. Heç şübhəsiz, o, ilk növbədə Böyük Rusiya ideyasının daşıyıcısı idi, ancaq onun əlinin altındakı bütün sovet təbliğatı, xüsusilə də o zamanlar çəkilmiş filmlərdə gürcüləri sevimli, şən, oxumağı və oynamağı sevən bir millət kimi təqdim ediblər. Mənhansısa gürcünün mənfi surət kimi göstərildiyi bircə klassik sovet kinosu da xatırlamıram: bu dərhal Stalinə qarşı hücum kimi başa düşülərdi. Gürcüstanın Rusiyanın tərkibində birləşməsini rəsmiləşdirən 1801-ci il müqaviləsi gürcülərə rus dvoryanlığının bir parçası olmağa imkan tanıyırdı. Bunun da nəticəsində Rusiyada çoxlu gürcü knyazları ortaya çıxmışdı... Rusiya ilə Gürcüstan arasında minlərlə tarixi bağ var ki, bu gün əbəs yerə qırılmaqdadır.

Çevirdi: Namiq Hüseynli
Qaynar.info