Ölkə 11:55 02.12.2013

"Qadınlara qarşı şiddətə yox" aksiyası başladı

Təmiz Dünya və Yaşıl Velosipedçilər Klubu Qadınlara qarşı şiddətə YOX deyir.

Bakıda ilk dəfə olaraq bu məqsədlə veloyürüş keçirilib. “Təbiət Dostlar” Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər Klubu və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Qadınlara Qarşı Zorakılığa Yox” devizi altında veloyürüş təşkil edib. 

Veloyürüşün məqsədi insanların diqqətini cəlb etməklə qadınların qarşı hər növ təzyiqin və zorakılığın qəbul olunmaz olduğunu diqqətə çatdırmaq olub. Veloyürüş dekabrın biri, saat 12.00-da Azadlıq Meydanından başlayıb. Otuzdan çox velosipedçi yürüşün məqsəd və məramını insanlara cəlb etmək məqsədilə qırımızı rəngə köynək geyiniblər. 

Velosipedçilər dəstəsi saat 12.00-da Azadlıq Meydanından yürüşə start verərək Zorge küçəsini keçməklə Üzeyir Hacıbəyli prospektinə çıxıblar. Daha sonra yürüş Rəşid Behbudov küçəsi istiqamətində davam edib. Marafon iştirakçıları Mərkəzi Bankın qarşısından sola burulmaqla Azdramanın qarşısındakı dairəni keçərək Səməd Vurğun prospekti ilə hərəkət edərək mərkəzi Neftçilər Prospektinə çıxıblar. Buradan isə Bayraq Meydanı istiqamətində hərəkət edilib. Aksiyanın birinci mərhələsi Bayraq Meydanında başa çatıb. 

Burada yürüş iştirakçıları toplaşaraq “Qadınlara Qarşı Zorakılığa Yox” şüarı yazılan plokatı qaldıraraq insanlara isti mesajlar veriblər. Daha sonra veloyürüş Azadlıq Meydanı istiqamətində davam edib, yürüş iştirakçıları yol boyu insanlara keçirdikləri aksiyanın məram və məqsədləri haqda məlumat veriblər. Velomarafon Milli Parkda, Qayağı kafesində çay süfrəsi ətrafında söhbətlə başa çatıb.

Xatırladaq ki, 1999-cu ildə BMT Baş Assambleyası noyabrın 25-ni “Qadınlara Qarşı Zorakılıq Hallarına Son” qoyulması günü elan edib. Bu qərarın qəbul edilməsinə 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisə zəmin yaradıb. O zaman diktator Rafael Truxilyonun əmri ilə Mirabal bacıları siyasi fəaliyyətlərinə görə öldürülüb. Bu kampaniyanın rəmzi ağ lent və ağ güldür. 

Kampaniyaya Gender əsaslı zorakılığa qarşı 16 gün kampaniyası da deyilir. “Təbiət Dostlar” Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər Klubu və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin bu aksiyası da 16 gün kampaniyasının tərkib hissəsi olmaqla insanların diqqətini şiddətin qəbuledilməzliyinə cəlb etmək məqsədi daşıyıb.

Qaynar.info