İdman 17:16 24.06.2013

"Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, bu mövsüm Avroliqada ölkəmizi 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər.

Mübarizəyə I təsnifat mərhələsindən start verəcək komandalarımız artıq turnirdəki rəqibləri ilə tanış olublar. Püşkə əsasən "Qarabağ" ona yaxşı tanış olan "Metallurq" (Skopye, Makedoniya) klubu ilə qarşılaşacaq. 2009/2010-cu il mövsümündə Bakıda "Metallurq"u 4:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi səfərdə isə rəqibi ilə 1:1 bərabərə qalmışdı.

Bakının "İnter" klubu I təsnifat mərhələsində Finlandiyanın "Mariehamn" komandası ilə üz-üzə gələcək. "Bankirlər" bu rəqiblə tarixində ilk dəfə qarşılaşacaq. "Xəzər Lənkəran" isə Maltanın "Sliema Vanderers" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.

Avroliqanın I təsnifat mərhələsində klublarımızın rəqibləri:

"Metallurq" (Skopye, Makedoniya) - "Qarabağ" (Azərbaycan)

"Mariehamn" (Finlandiya) - "İnter" (Azərbaycan)

"Slima Vanderers" (Malta) - "Xəzər Lənkəran" (Azərbaycan)

Qaynar.info